Print 

 Sentyabrın 18 - də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə filialın akt zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Filialın rəhbərliyi, professor - müəllim heyəti, tələbələr, YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərzai bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının direktor müavini, dosent Nurəli Çələbiyev açaraq bildirib ki, 2024 – cü ilin dekabr ayının 28 – də Prezident İlham Əliyevin Sərəncamı ilə 2024 - cü il “Konstitusiya və Suverenlik İli” elan edilib, bu qərar hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır. Vurğulanıb ki, ərazi bütövlüyümüz və siyasi müstəqilliyimiz uğrunda şəhid olan qəhrəmanlarımızın qanı bahasına qazandığımız bu suverenlik hər bir azərbaycanlının ən böyük sərvətidir. Xüsusilə, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə bir daha göstərib ki, suverenliyimiz əbədidir və heç kim onu bizdən ala bilməz.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək suverenlik anlayışının mahiyyətindən, suverenliyimizin tam bərpa olunması və onun qorunmasının dövlət müstəqilliyi üçün vacibliyindən, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi xidmətlərindən söhbət açıb. Bildirilib ki, 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023 – cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub, bu gün də Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir.
Filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov çıxışında Azərbaycan Respublikasının suverenliyinin onun milli təhlükəsizliyi, ərazi bütövlüyü və gələcək inkişafının təməl sütunlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.
ADPU-nun Şəki filialının III tədris ili tələbəsi Yavər Əhmədli çıxışında diqqətə çatdırıb ki, Azərbaycanın dövlət suverenliyi gənclərin hərtərəfli inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu suverenlik sayəsində gənclər azad düşüncəyə malik olur, milli kimliklərini qoruyur, beynəlxalq arenada ölkəsini təmsil edir və gələcəyin liderləri kimi yetişirlər.
Suverenlik təkcə siyasi prinsip deyil, həm də gənclərin həyat keyfiyyətini və perspektivlərini müəyyən edən əsas faktordur. Tədbirin sonunda “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş videoçarx nümayiş etdirir.