Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının iclası keçirilib. İclasda filialın direktoru, dosent Vurğun Məmmədovun rəhbərliyi ilə üç əsas məsələ – yeni tədris ili üçün qəbul proqnozu, struktur bölmələrdə monitorinqlərin təşkili və müəllimlərin ixtisasartırma təlimləri müzakirə olunub.
Dosent Vurğun Məmmədov qeyd edib ki, qəbul planının formalaşdırılması zamanı regionun kadr tələbatı, məzunların məşğulluq vəziyyəti və işəgötürənlərin rəyləri nəzərə alınmalıdır. Filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva və professor Firədun İbrahimov yeni açılacaq ixtisaslar üzrə də qəbul proqnozlarının hazırlanmasını təklif ediblər.
Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva bildirib ki, filialda yeni Monitoring strategiyası sənədinə əsasən bütün struktur bölmələrdə sənədlərin və fəaliyyət planlarının icrasına dair monitorinqlər aparılacaq.
İclasda həmçinin professor-müəllim heyətinin peşəkar inkişafı məqsədilə təlimlərin təşkili müzakirə olunub. Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Sevinc Əliyeva bildirib ki, artıq ingilis dili təlimlərinin ikinci hissəsi başa çatmaq üzrədir. Birinci mərhələni müvəffəqiyyətlə bitirən müdavimlər sertifikatlarla təltif olunub.Təlimçi müəllimlərə təşəkkürnamələr təqdim edilib. Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva qeyd edib ki, keçirilən sorğuya əsasən, növbəti mərhələdə İKT bacarıqları, ofis proqramları, xüsusilə Excel proramı üzrə təlimlər planlaşdırılır. Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova gənc müəllimlərin pedaqoji bacarıqlarının artırılması üçün müasir tədris metodlarına dair seminarların keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.İclasın sonunda hər üç istiqamət üzrə müvafiq qərarlar qəbul edilib.