Aprelin 3-də ADPU-nun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Microsoft Teams platforması üzərindən “Tarixin güzgüsü” adlı maarifləndirici tədbir keçirilib. Milli şüurun formalaşmasında böyük xidmətləri olmuş, repressiya qurbanı, publisist, hüquqşünas, ədib, dramaturq, dilmanc Mustafa bəy Əlibəyova həsr edilmiş tədbirdə filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva Mustafa bəy Əlibəyovun Azərbaycan ictimai fikir tarixində rolu barədə məlumat verib və bildirib ki, Mustafa bəy Əlibəyovun xalqa, vətənə həsr etdiyi ömür yolu bu gün bizim üçün bir örnəkdir.
Sonra filialın Humanitar fənlər kafedrasının baş müəllimi Mirvari Eminova Mustafa bəy Əlibəyovun yaşadığı dövr, onun ictimai fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, onun həyat yoldaşı, “İşıq” məcmuəsinin redaktoru Xədicə xanım Əlibəyovanın həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycanda ilk qadın məcmuəsi olan “İşıq” jurnalının o dövrün ictimai-siyasi həyatında, qadınların maariflənməsində rolundan danıışıb. Filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbələrindən İsmayil İsmayılzadə, Fatimə Cəbiyeva, Şəbnəm İsayeva, Toğrul Sabirli Mustafa bəy Əlibəyov haqqında maraqlı, məzmunlu çıxışlar edərək, arqumentləşdirilmiş təhlillər aparıblar.
Konfransın sonunda filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dosent Gülarə Abdullayeva Mustafa bəy Əlibəyovun ədəbi irsinin tələbələr tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb, ayrı-ayrı dövrlərdə yaşayan ziyalıların cəmiyyətin inkişafına müsbət təsirindən danışıb. Natiq son dövrlərdə Azərbaycan xalqının yaşadığı çətin vəziyyət – Vətən müharibəsi və bu müharibədə tarixi qələbədən söz açaraq, dövlət başçısının yürütdüyü uzaqgörən daxili və xarici siyasətin, dövlətlə xalqın birliyinin, müzəffər Azərbaycan ordusunun bu qələbənin əsas təminatçıları olmasından bəhs edib. Natiq bildirib ki, dövlətimizin, xalqımızın qazandığı bu qələbəni, əldə edilən bütün uğurlarımızı dəyərləndirmək, göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Dos. Gülarə Abdullayeva tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.