ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi Firədun Nadir oğlu İbrahimovun 70 yaşı tamam olur. Bu münasibətlə filialın çoxsaylı kollektivi və tələbələri adından Fürədun müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı və uğurlar arzulayırıq.
Professor Firədun İbrahimov 05 fevral 1952-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur. 1965-ci ildə Şəki rayonu Qudula kənd məktəbinin 8-ci sinfini, 1967-ci ildə Şəki şəhər M.Füzuli adına 3№-li orta məktəbi, 1972-ci ildə Qırmızı Əmək Bayrağı Ordenli V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1981-ci illərdə qiyabi yolla ADPU-da aspirantura hazırlığı keçmiş, 1982-ci ildə namizədlik (13.00.02-riyaziyyatın tədrisi meto-dikası), 2006-cı ildə doktorluq dissertasiyasını (13.00.01-ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 may 2007-ci il tarixli qərarı (protokol № 05-R) ilə pedaqoji elmlər doktoru alimlik dərəcəsi (diplom: ED № 0913) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2014-cü il tarixli (protokol №11-R) qərarı ilə Ümumelmi fənlər kafedrası üzrə professor elmi adını (diplom:PR № 01368) almışdır.
1977-ci ildən fasiləsiz olaraq pedaqoji və elmi- tədqiqat fəaliyyəti ilə məşğuldur.Yeddi yüz əlli çap vərəqindən artıq həcmdə 220 elmi, elmi-metodik işin müəllifidir. 10 monoqrafiyası, ali məktəb tələbələri üçün iki cildlik “Pedaqogika” dərsliyi, 9 dərs vəsaiti, 12 tədris vəsaiti, 2 metodik tövsiyəsi, 7 fənn proqramı, 164 elmi, tədris-metodik (xaricdə çap olunan 8 məqalə, Sank-Peterburq, Novosibirski, Bakı şəhərlərində keçirilən beynəlxalq və respublika səviyyəli konfrans materiallarında yer alan 9 məqalə də daxil olmaqla) məqalə və tezisləri dərc olunmuşdur.
Tədris-metodik məqalələrin müxtəlif ölkələrdə və respublikamızda nəşr olunan nüfuzlu (əksəriyyəti AAK-ın qeydiyyatına alınmış) jurnallarda dərcinə nail ola bilmişdir. Son illərdə çap edilən, müəllifi olduğu “Pedaqogikaya giriş”, “Ümumi pedaqogikadan mühazirələr”, “Didaktika”, “Pedaqogika” (2cilddə), ”Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası”, “Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası”, “Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası”, “Cəbr” fənninin “matrislər və determinantlar” bölməsinin tədrisi”, “Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası”, “”Funksiyalar” alt məzmun xətti üzrə standartların reallaşdırılma texnologiyası” adlı vəsait və dərsliklərdən ali pedaqoji universitet və institutların tələbə və magistrləri, doktorantura hazırlığı ilə əhatə olunanlar, elmi və praktik pedaqoji fəaliyyət subyektləri xüsusi fəallıqla istifadə etməklə faydalanırlar.
Əmək fəaliyyətinə 1972-ci ildə ixtisasına uyğun riyaziyyat müəllimi kimi başlamışdır. 1972-1973-cü tədris ilində Şəki rayonunun Təpəcənnət kənd məktəbində müəllim, 1973-1982-ci illərdə Şəki rayonunun Baltalı kənd məktəbində müəllim və direktor, 1983-1992-ci illərdə Azərbaycan Mərkəzi Müəllimlər İnstitutunun (sonralar bu institut Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu (BPKİAYH) adlandırılmışdır) Şəki filialında müdir, 1993-cü ilin fevral-avqust aylarında Şəki şəhər 17 saylı orta məktəbin direktoru, 1993-2000-ci illərdə BPKİAYHİ-nin Şəki filialının direktoru, 2000-2005-ci illərdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Şöbə müdiri və İcra Hakimiyyəti Başçının müavin əvəzi, 2005-2010-cu illərdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2010-2014-cü illərdə AMİ-nin Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
2012-ci ildən hal-hazıradək AMEA-nın Şəki Regional Elmi Mərkəzində baş elmi işçi, 2014-cü ildən indiyədək ADPU-nun (öncə iki il AMİ-nin tabeliyində olaraq) Şəki filialında Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri və professoru vəzifəsində çalışır.
Təhsil, əmək və elmi fəaliyyətinə həmişə yüksək qiymət verilmişdir.
Azərbaycan SSR Maarif Naziriliyinin qərarı (22 iyun 1978-ci il, № 83) ilə “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif edilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı (2009-cu il 30 sentyabr tarixli 504 №-li) ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.Ona səmərəli fəaliyyətinə görə Azərbaycan SSR Maarif Nazirliyi Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Fəxri Fərmanı (23 aprel 1980, № 3732), 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı verilmişdir. Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyəti təşkil olunmuş Pedaqoji və Sosial Elmlər Aka¬demiyasının həqiqi üzvüdür (22 aprel 2011-ci il tarixli qərar, qərarın qeydiyyat nömrəsi: 1608).
Siyasi fəaliyyəti Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası ilə bağlıdır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həyat yoldaşı - Müşafərim Məhərrəm qızı Əhmədova, 1972-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir, ali təhsilli riyaziyyat müəllimidir. O, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. M.M.Əhmədova Azərbaycan Respublikasının Əməkdar müəllimidir.
İki övladı vardır:
Qızı - Aytən İbrahimova, Bakı Dövlət Universitetinin tətbiqi - riyaziyyat fakültəsini bitirmişdir. O, Bakı şəhərində 244№-li məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi işləyir.
Qızı - Afət İbrahimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. O, Baki şəhərində 300 №-li məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Hər iki qızı ailəlidir.
Firədun müəllim həm də mehriban, qayğıkeş babadır. Beş nəvəsi vardır. İki nəvəsi xaricdə ali təhsildən sonrakı mərhələdə (magistratura və rezidenturada) təhsilinə davam etməkdədir. Bir nəvəsi BDU-nun magistraturasında təhsil alır. Digər nəvəsi Azərbaycan Texniki Universitetinin tələbəsidir. Bir nəvəsi isə ümumtəhsil məktəbinin şagirdidir.
50 illik əmək fəaliyyətini başa vuran Firədun müəllim bu gün kollektivin və tələbələrinin sevimlisidir. İnanırıq ki, bundan sonra da öz tələbələrini yeni əsərləri ilə sevindirəcək, elm və təhsilimizin inkişafına yeni-yeni töhfələr verəcəkdir.
Təbrik edir, uğurlar və yeni yubileyləri qeyd etməyi arzulayırıq!