18 mart 2024-cü il tarixdə ADPU-nun Şəki filialında Dövlət Miqrasiya Xidməti işçilərinin peşə bayramına həsr olunmuş maarifləndirmə tədbiri həyata keçirilib.
Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya idarəsinin təşəbbüsü və ADPU-nun Şəki filialının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə filialın direktoru vəzifəsini icra edən dosent Nurəli Çələbiyev açıb, bu qurumun dövlətimizin təhlükəsizliyindəki rolundan bəhs edib.
Tədbirdə Şəki RMİ-nin rəisi Rəşad Bağırov rəhbəri olduğu qrumun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra Şəki RMİ-inin bölmə rəisi Şahsuvar Məmmədəliyev “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyat qaydaları və qanunsuz miqrasiya hallarına qarşı mübarizə tədbirləri”, baş inspektor Gülüstan Məmmədova “Əcnəbilərə ölkə ərazisində olma müddəti üçün icazə vərəqələrinin verilmə qaydaları”, baş inspektor İradə Hacınəbiyeva Dövlət Miqrasiya Xidmətinin gənclərlə iş prinsipləri” mövzularında çıxışları dinlənilib, tələbə və müəllimlərin sualları cavablandırılıb. Tədbirin sonunda dos. Nurəli Çələbiyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının peşə bayramları və Novruz bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb