2024-cü ilin mart ayının 29-da ADPU-nun Şəki filialında “Qloballaşma şəraitində Azərbaycan dilçiliyinin inkişaf məsələləri” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli, 2837 saylı Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Natiq Azərbaycanda dilçilik elminin müstəqilliyin bərpasından sonrakı dövrdə, xüsusilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. O, Sovet müstəmləkəçi rejimi illərində Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi fəliyyəti haqqında geniş məlumat verib. Fikirlərini müxtəlif faktlarla əsaslandıran Vüsal Baxışov müasir dövrdə ölkə başçısı cənab İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, Azərbaycan dilçilik elminin inkişafında da Ulu Öndərin siyasi kursuna sadiqliyini qeyd edib.
Daha sonra filialın “Humanitar fənlər” kafedrasının baş müəllimi Rasimə Bəkirova “İşgüzar ünsiyyat etikası”, “Dillər və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Türkan Məcidova “Azərbaycan dilçilik elminin müasir problemləri” mövzularında məruzələrlə çıxış ediblər. Hər iki məruzədə dövlət idarəçiliyində, işgüzar yazışmalarda, kütləvi informasiya vasitələrində, eləcə də gündəlik həyatda Azərbaycan dilinin düzgün istifadə qaydaları, dil norma və qanunları barədə geniş məlumat verilib.
“Humanitar fənlər” kafedrasının baş müəllimi Tahir Məhərrəmov Azərbaycan dilçiliyinin müasir problemləri və qloballaşma meyllərinin artdığı çağdaş dünyada meydana çıxan yeni çağırışlar barədə düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda tədbir qarşılıqlı diskussiya şəraitində davam edib.