18 aprel 2024-cü il tarixdə ADPU-nun Şəki filialında tələbə -gənclərin sağlam həyat tərzinin təşviqinə həsr olunmuş “Narkomaniya sərhədsiz fəlakətdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nurali Çələbiyev narkomaniyanın bəşəriyyət üçün ən böyük qlobal bəlalardan biri olmasından, onun son onillikdə sürətlə genişlənməsindən, insanların sağlamlığına vurduğu zərərlə yanaşı, cəmiyyətdə, o cümlədən ailə həyatında doğurduğu fəsadlardan bəhs edib.
N.Z.Çələbiyev bildirib ki, bu bəşəri bəlaya qarşı respublikamızda ciddi mübarizə tədbirləri Ümummilli Lider Heydər Əliyevin prezidentliyinin ilk dövrlərindən başlanıb. Ulu öndər 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə bağlı Fərman imzalayıb, ölkə parlamenti 1999 və 2005-ci illərdə müvafiq qanunlar qəbul edib.
Cənab İlham Əliyevin prezidentliyi dövründə narkomaniya ilə mübarizə ilə əlaqədar 3 Dövlət Proqramı qəbul edilib. Bununla bağlı sonuncu “Dövlət Proqramı” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair” 2019-2024-cü illəri əhatə edən “Dövlət Proqramı”dır. Dəyirmi masada iştirak edən filialın biologiya müəllimi, baş müəllim Səadət Feyzullayeva narkomaniyanın fəsadları ilə bağlı təqdimatla çıxış edib. Tədbir iştirakçılarından filialın Humanitar fənlər kafedrasının müəllimi, hüquqşünas Natiq Salamov və filialın hüquqşünası Elburus Musayev narkomanlığın hüquqi aspektləri və doğurduğu hüquqi məsuliyyət haqqında düşüncələrini və qanunvericiliyin tələblərini tələbələrin nəzərinə çatdırıblar.
Dəyirmi masa iştirakçıları olan tələbələr müzakirələrdə fəal iştirak edib, bu bəladan çıxış yollarını maarifləndirmə tədbirləri ilə bağlı olmasını ən sənmərəli vasitə kimi dəstəkləyiblər.