Print 

Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Xoşbəxt olmağın sirləri” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Gülçin İsmayılovanın təqdimatında insanların özlərini xoşbəxt hiss etməməsinin psixoloji səbəbləri, eyni zamanda insanları xoşbəxt edən fəaliyyətlər haqqında məlumat verilib. Qeyd olunan fəaliyyətlər içərisindən, birgə mahnı oxumaq fəaliyyəti iştirakçılarla birgə təşkil edilib. “Qaya” qrupunun səsləndirdiyi “Ey həyat, sən nə qəribəsən” mahnısı seminar iştirakçıları tərəfindən birgə ifa olunub. Aparılan məşğələ müsbət atmosferin yaranmasına səbəb olub. Seminarda tələbələr xoşbəxtlik anlayışına yanaşmaları haqqında öz fikirlərini bölüşüblər. Sonda rəhbər Kəmalə Ramazanova çıxış edərək, mövzu ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıb və maraqlı təqdimata görə tələbə Gülçin İsmayılovaya öz təşəkkürünü bildirib.