Print 

19 sentyabr  tarixində ADPU-nun Şəki filialında “Heydər Əliyevin neft strategiyası Azərbaycanda dayanıqlı və davamlı inkişafın təməlidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, 20 sentyabr 1994-cü il tarixdə dünyanın 8 xarici ölkəsinin 12 neft şirkəti ilə bağlanmış, sonralar “Üç dəniz əfsanəsi” adlandırılan Neft Kontraktı müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafının təməlini təşkil edir. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə intqrasiyasına, beynalxalq aləmdə mövqelərinin möhkəmlənməsinə zəmin yaratmışdır. Ölkənin dayanıqlı inkişafına güclü təkan vermiş Neft Strategiyası sayəsində ölkəmizin valyuta ehtiyatları 2006-cı ildə 4 milyard, 2007-ci ildə 7,2 milyard, 2008-ci ildə 18,5 milyard, 2009-cu ildə 20,4 milyard, 2010-cu ildə 29 milyard , 2023-cü ildə isə kəskin şəkildə artaraq 63,5 milyard ABŞ dollarına bərabər olmuşdur.
Tədbirdə çıxış edən filialın Humanitar fənlər kafedrasının baş müəllimləri Tahir Məhərrəmov və Mirvari Eminova Heydər Əliyevin neft strategiyasının tarixi əhəmiyyətindən, onun ölkədə hərtərəfli inkişafa verdiyi töhfələrdən bəhs etmişlər.