Print 

Bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid oğulların xatirəsi respublikanın bütün bölgələrində olduğu kimi, Şəki şəhərində də yad edilib. Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, icra nümayəndələri, şəhid anaları, qazilər, şəhər ziyalıları, müxtəlif təşkilatların nümayəndələri, gənclər və eləcə də ADPU-nun Şəki filialının kollektivi və tələbələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkilləri Vüqar İsgəndərov, Əli Məsimli, Çavanşir Feyziyev, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı Vəlican Niftəliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Qeyd olunub ki, 44 günlik Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi qələbə əldə edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək deməkdir. Şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, örnəyimizdir.
Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.