Print 

Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə silsilə tədbirlərin davamı olaraq, noyabrın 19-da ADPU-nun Şəki filialında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə filialın direktoru dos. Rafiq Rasulov, struktur rəhbərləri, professor-müəllim heyəti, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, qazilər və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru, dos. Rafiq Rasulov açaraq Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən danışıb. Sonra şəhidlərin xatirəsi sükutla yad edilib. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.e.d., prof. Firədun İbrahimov çıxış edərək, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını qurban vermiş şəhidlərə, sağlamlıqlarını itirmiş qazilərə, ordumuza xalqımızın sonsuz hörmət və ehtiramından, ali baş komandan – Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yeritdiyi uzaqgörən siyasətdən söhbət açıb və görüşdə iştirak edən qazilərə öz minnətdarlığını bildirib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək, müharibədə qələbənin təmin olunmasında xalqın öz rəhbəri ətrafında dəmir yumruq kimi birləşməsinin əsas amil olduğunu vurğulayıb və ordumuzun qəhrəmanlığından söhbət açıb. Sonra filialın tələbələri Könül Salahova, Tülin Vahabova, Dinar Salmanova, Hülya Qədirli, Diləfruz Əhmədzadə, Gövhər Səlimova, Sayad Süleymanlının təqdimatında maraqlı çıxışlar dinlənilib.
Vətən müharibəsi qazisi Rahim Camalov, Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək, öz təəssüratlarını bölüşüb, Vətən yolunda döyüşə hər an hazır olduqlarını bildirib, görüşə dəvət edildikləri üçün filial rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda filialın tələbəsi Könül Salahovanın yazdığı ssenari əsasında tələbələr Ülvi Məmmədli, Nəzrin İsmayılova, Tovuz Məmmədova, Kamran Hümbətov və Fəridə Qədirbəyovanın iştirakı ilə hazırlanmış səhnəcik göstərilib.
Sonda xatirə şəkilləri çəkilib.