Print

Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-32: Faciədən zəfərə gedən yol” adlı konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş Xocalı faciəsi və onun ağır nəticələri haqqında məlumat verib, bu soyqırım aktının dünya ictimaiyyətinə tanıdılması istiqamətində dövlətimizin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs edib. Sonra Xocalı soyqırımına həsr olunmuş
videoçarx nümayiş edilib. Filialın Humanitar fənlər kafedrasının əməkdaşları: baş müəllim Həbibulla Manaflı “Xocalı faciəsi unudulmadı, yaddaşlarda yaşayır”, baş müəllim Mirvari Eminova “Xocalıya həyat qayıdır”, Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Nigar Məmmədəli “Xocalının işğaldan azad edilməsi Vətən Müharibəsində tarixi zəfərin zirvəsidir” mövzusunda çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımı - erməni millətçilərinin əliyalın, dinc, mülki Azərbaycan əhalisinə qarşı xüsusi amansızlıqla törətdiyi vəhşilik, qətiyyətlə pislənib və bu hadisə insanlıq tarixi üçün utancverici faciə adlandırılıb. Çıxış edən natiqlər qeyd ediblər ki, erməni quldurlarının öz havadarlarının dəstəyi ilə işğal altında saxladıqları torpaqlarımız Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti, və “dəmir yumruğu” və Milli Ordumuz tərəfindən 44 günlük “Vətən müharibəsi” adlanan genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə azad edilib, tarixi ədalət hərbi yolla bərpa olunub, Azərbaycan öz tarixi torpaqları üzərində suverenliyini və ərazi bütövlüyünü təmin edib. Qeyd olunub ki, illər keçdikcə, xalqımız Xocalı faciəsi qurbanlarının əziz xatirəsini daim uca tutur və onları heç vaxt unutmur. Sonda İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Fidan Yusifovanın ifasında Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeiri, İngilis dili müəllimliyi ixtisasının I tədris ili tələbəsi Elvin Xəlilovun ifasında Şəmistan Əlizamanlının “Cənab leytenant”, bir qrup tələbənin ifasında “Torpağın səsi” mahnıları səsləndirilib.