Print 

Martın 4-də ADPU-nun Şəki filialında milli təhsil tariximizdə şərəfli yer tutan İrəvan Müəllimlər Seminariyasının yaradılmasının 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsil və pedaqoji fikir tarixinin parlaq səhifəsi - İrəvan Müəllimlər Seminariyası -140 il” adlı elmi konfrans keçirilib.
Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edən konfransda Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflının “XIX əsrdə İrəvan və onun ətraf bölgələrində geosiyasi vəziyyət”, Ümumelmi fənlər kafedrasının müdiri, p.ü.f.d., dos. Sədrəddin Bədiyevin “Azərbaycançılıq ideyasının formalaşmasında İrəvan Müəllimlər Seminariyasının rolu”, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.e.d., prof. Firədun İbrahimovun “Azərbaycanda pedaqoji fikrin inkişafına İrəvan Müəllimlər Seminariyasının verdiyi töhfələr” və elmi işlər üztə direktor müavini, ped.ü.f.d., dos. N.Z.Çələbiyevin “Azərbaycan maarifçilik tarixində İrəvan Müəllimlər Seminariyasının rolu və əhəmiyyəti” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, ölkə başçısı, cənab Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli Sərəncamı tarixi keçmişimizə, onun təhsil və maarifçilik tarixinə diqqət və qayğının nəticəsidir. Azərbaycanın tarixi ərazilərindən olan İrəvan xanlığı və quberniyası dövründə İrəvanda xalqımıza məxsus zəngin ədəbi-mədəni mühit formalaşmış, rus çarizminin işğalından sonra dünyəvi təhsil verən məktəblərdən biri kimi 1832-ci ildə İrəvan qəza məktəbi, 1881-ci ildə isə İrəvan Müəllimlər Seminariyası yaradılıb. Fəaliyyət göstərdiyi 37 il ərzində bu təhsil ocağını 300 nəfər bitirib.
Onların arasında görkəmli alimlər, ədəbiyyat və incəsənət xadimləri kimi tanınmış Mustafa bəy Topçubaşov, Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Tağı bəy Səfiyev, İbadulla bəy Muğanlinski, Nəcəf bəy Vəzirov, Əli Sultanov, Rəşid bəy İsmayılov və digər tanınmış simaların da adları şərəfli yer tutur.