Çıxışımı Bəxtiyar Vahabzadənin bu misraları ilə başlamaq istəyirəm:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşlarının beynində həkk olunmuşdur. 2020-ci ildə baş verən hadisələr iki qardaş ölkə arasındakı sarsılmaz əlaqələri daha da möhkəmləndirdi. Hələ əvvəllər də Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri qəti mövqe nümayiş etdirmişdilər ki, “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqələrdən və ya sərhədlərin açılmasından söhbət gedə bilməz".
Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilmişdir. Bu məqsədlə ölkənin Kocaeli vilayətinin Böyükşəhər Bələdiyyəsinin binasına iri Azərbaycan və Türkiyə bayraqları asılmış, şəhərin küçə və prospektlərinə Azərbaycana dəstək məqsədilə “Türk milləti olaraq canımızın digər hissəsi olan Azərbaycan türklərinin yanındayıq” şüarları asılmış, ölkənin İzmir və Balıkesir şəhərlərinin rəmzləri olan “Saat qülləsi” və Çamlık təpəsində yerləşən əzəmətli Ay heykəli Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış, Türkiyənin müxtəlif vilayətlərinin ictimai nəqliyyat vasitələrinin elektron tablolarında “Bir millət, iki dövlət”, “Azərbaycan” şüarları və iki qardaş ölkənin bayraqları əks olunmuşdu. Bütün rəsmi və qeyri-rəsmi tikililərin üzərindən Türkiyə və Azərbaycan bayraqları asılmışdır.
Ölkənin müxtəlif bölgələrində dəstək aksiyaları təşkil olunmuş, televiziya proqramları hazırlanmışdı. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir".
Azərbaycanın hərb tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman, böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş «bütün imkanlarımızla», «Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək», «qardaşlarımızı heç vaxt tək qoymarıq» kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesaj oldu.
“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi təkrar edirik”, - deyə Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiyanın birgə açıqlamasında vurğulamışlar.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində bildirdi ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın başından böyük işlərə qalxması qəbuledilməzdir. Çavuşoğlu qəti şəkildə türkiyənin rəsmi mövqeyini ifadə edərək bəyan etmişdir ki, “Ermənistan ağlını başına yığmalıdır, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Belə bir həssas cümləni işlədən Türkiyə rəsmisi həmin ifadəni bilərəkdən demişdi. Hulusi Akar uzaqgörənliklə Ermənistanın qurduğu tələyə özünün düşəcəyini, bu tələnin altında qalacağını və etdiyi işin hesabını mütləq ödəyəcəyini də qətiyyətlə demişdi.
Ermənistan prezidentinin “Qarabağ Ermənistandır və nöqtə” deməsi onların son məqsədini bildirdi və Ali Baş Komandanımız, fəxr etdiyimiz İlham Əliyevin “Qarabağ Azrbaycandır və nida işarəsi” deməsi mövqeyimizin tam ciddiliyini dünyaya aydın şəkildə bildirdi. Bu o demək idi ki, artıq bütün danışıqlara son qoyuldu və müharibə yolu qaçılmaz hala gəldi.
Beləliklə, 27 sentyabr 2020-ci il Azərbaycan Böyük Vətən uğrunda mübarizəyə qalxdı. Bütün xalq bir dəmir yumruq kimi prezidentimizin ətrafında birləşdi. Hər kəsin yalnız bir məqsədi var idi: “Artıq yetər. Vətən bütövləşməli və mənfur düşmənin tapdağından azad edilməlidir”. 44 günlük müharibədə qəhrəman ordumuzun göstəridiyi əzm, cəsarət və şücaət dünyanı heyran etdi, tarixi missiyasını yerinə torpaqlarımızı işğaldan qurtardı, hətta düşmənlərimizi Azərbaycan əsgərinin igidliyini və basılmazlığını etiraf etməyə məcbur etdi.
Azərbaycan Erməni işğalçılarını və onlara kömək edən havadarlarını məğlub edərək tarixi torpaqları olan Qarabağ ərazisini azad etdi. Azad edilmiş ərazilərimizdə ermənilərin vəhşi barbar tayfa kimi hər yeri tar-mar etməsi göz önünə çıxdı. Hətta bəzən bayraq asmaq üçün bir salamat bina tapmaq mümkün olmurdu. Lakin möhtərəm prezidentimiz İlham Əliyev bu yerləri dünyanın ən gözəl məkanına çevirəcəyini və bütün əraziyə yeni həyat verəcəyini bildirdi və bu gün bu istiqamətdə ciddi işlər həyata keçirilir.
Azərbaycanın noyabrın 10-da keçirilən şanlı zəfər paradında R.T.Ərdoğanın iştirak etməsi və tarixi çıxışı hələ çox danışılacaq. Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan artıq dərdli deyil, dustaq qalan xarıbülbül azad edilmişdir, indi Araz türküsünü daha güclü oxuyacaq. Bu gün bütün türk dünyası üçün zəfər günüdür. Qarabağ artıq ana vətəninə qovuşmuşdur. Türkiyə-Azərbaycan birlikdə bütün çətinlikləri aşacaq və daha böyük uğurlar əldə edəcəkdir.
Bu çətin və şərəfli günlərdə Türkiyədə fəaliyyət göstərən bütün siyasi partiyalar Azərbaycan üçün bir olmuşdu! Onların çıxışlarında qəti qeyd etdildi ki, “30 illik ələm göz yaşı dayandı, artıq sevinc göz yaşı var. Azərbaycan bu anlaşmanın harasındadırsa, Türkiyə də orasındadır. Çünki Azərbaycan Türkiyədir, Türkiyə Azərbaycandır. Ayrılarmı könül candan, Azərbaycan Türkiyə. Azərbaycanla Türkiyənin qədəri eynidir”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib ki, Azərbaycanın qələbəsi, Türkiyənin qələbəsidir. Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu gücünü dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü göstərdi. Qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərən Ilham Əliyev bu qələbənin memarıdır. Hulusi Akar isə bəyan edib ki, Müqavilə pozularsa, müharibə variantına keçə bilərik.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin 30 yanvar 2021-ci ildə fəaliyyətə başlaması ilə Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımları məhdudlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərkəzin açılmasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edəcəyinə əmin olduqlarını və Türk şirkətlərinin Azərbaycanın bərpa və yenidən qurulmasında fəal iştirakından məmnun olduqlarını bildirdilər.
Həmişə Azerbaycanımızın yanında olan, qardaş ölkə Türkiyəmizə, eləcə də Pakistana və Güney Azərbaycana təşəkkürlərimizi bildiririk, vətənimiz uğrunda sinəsini sipər edən Azərbaycan əsgərlərini Allah qorusun, qazilərimizə şəfa versin, şəhidlərimizin məkanı nurla dolsun. Dost çətin gündə tanınar. Bu gün Azərbaycanın yanında olan qardaş Türkiyə üçün dua edirik və bu yaxşılığı heç zaman unutmayacağıq. Fikrimi yenə də dahi şairimiz B. Vahabzadənin misraları ilə bitirirəm.
Bir ananın iki oğlu
Bir amalın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan,Türkiyə!

Dillər kafedrasının dosenti, fil.ü.f.d. Mürşüdova Ulduz Bəşir qızı

 





001002003
fondeduadpubir

VKkj