- Details
- Dərc edilib: 07 Noyabr 2024
- Oxunma sayı: 1055
Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Humanitar fənlər kafedrası əməkdaşlarının təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbirdə filialın Humanitar fənlər kafedrasının əməkdaşları: baş müəllim Rasimə Bəkirova, baş müəllim Nübar İbrahimova, müəllim Səlamət Ədilova Vətən müharibəsi mövzusunda maraqlı çıxışlar ediblər. Sonra tələbələrin ifasında şeirlər səsləndirilib, səhnəciklər göstərilib, videoçarxlar nümayiş olunub. Tədbirin sonunda tələbələr arasında keçirilən “Xarıbülbül qoxulu 44 gün gənclərin gözü ilə” adlı hekayə müsabiqəsinin nəticələri elan olunub. Qalib gələn tələbələrə l, ll, lll dərəcəli diplomlar və hədiyyələr təqdim edilib. Filialın Humanitar fənlər kafedrasının müdiri, tar.ü.f.d., baş müəllim Vüsal Baxışov çıxış edərək, tələbələrin təqdim etdikləri hekayələrin toplu halında çap olunması təklifini irəli sürüb. Sonra müsabiqədə l yerə layiq görülmüş hekayənin müəllifi, “Azərbaycan dili bə ədəbiyyatı müəllimliyi” ixtisasının lll tədris ili tələbəsi İlkin İmanov öz hekayəsi haqqında iştirakçılara məlumat verib. Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, qalib tələbələri və Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edək ki, müsabiqəyə filialın müxtəlif ixtisaslarında təhsil alan iyirmi üç nəfər tələbə öz hekayəsini təqdim edib və münsiflər heyətinin qərarına əsasən, təqdim olunmuş hekayələrdən biri birinci, ikisi ikinci, üçü isə üçüncü yerə layiq görülüb.