- Details
- Dərc edilib: 25 Noyabr 2024
- Oxunma sayı: 509
Noyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq, “Gənclərin karyera inkişafı: seçim imkanları və hədəflər” mövzusunda tədbir keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev açaraq tədbirin təşkil olunmasının məqsədi ilə bağlı məlumat verib və karyera planlaşması, karyera planlaşmasında tətbiq oluna biləcək istiqamətlər: təqaüd proqramları, aylıq seminarlar, beynəlxalq və respublika olimpiadalarında fəal iştirak, günlük təcrübə gəzintiləri, tələbə dərnəkləri ilə iş birliyi, karyera günləri və s. haqqında geniş məruzə ilə çıxış edib. Sonra filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, rəhbərlik etdiyi mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib və gənclərin karyera planlaması işinə dəstək məqsədilə mərkəz tərəfindən görülən işlərdən, keçirilən tədbirlərdən bəhs edib. Natiq qeyd edib ki, mərkəz tərəfindən həm filialda hazırda təhsil alan tələbələrlə, həm də təhsili başa vuraraq müxtəlif sahələrdə çalışan gənclərlə sıx əlaqələr qurulur, onların istək və tələbatları fəaliyyət prosesində nəzərə alınır. X.Həmidova çıxışında qarşıda duran vəzifələrdən də söhbət açaraq tələbələri mərkəz tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etməyə dəvət edib. Diskussiya şəklində davam edən tədbirdə filialın tələbələri Elnar Əliyev, Əfsanə Əbdürəhimova, Nigar Məmmədli, Arzu Şahvələdova və başqaları çıxış ediblər. Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova çıxış edərək, tədbirin mövzusu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb və təşkilatçılara təşəkkürünü bildirib.