Print 

Yaşı minilliklərlə ölçülən Azərbaycan özünün şanlı qəhrəmanlıq tarixi, igid oğul və qızları ilə seçilib, tanınıb həmişə. Zaman-zaman xalqımızın başına gətirilən müsibətlər heç vaxt bu xalqın iradəsini qıra bilməyib. Həmişə vüqarlı olub xalqımız, düşmən önündə baş əyməyib. Mənfur düşmənlərin tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük müharibədə qazandığımız böyük qələbə bunu bir daha təsdiqlədi.
Bəli, bu gün Azərbaycan dünyanın inkişaf etmiş, güclü ölkələrindən biridir. Milli-mənəvi dəyərlərimiz, şanlı tariximiz, gözəl vətənimiz hər bir azərbaycanlının qürur mənbəyidir bu gün. Ana dilimiz isə ulu babalarımızın zaman-zaman göz bəbəyi kimi qoruyaraq bizə miras verdiyi ən qiymətli sərvətimizdir.
Hər millətin ən qiymətli sərvətidir ana dili,
Övladları yer üzünə səpələnsə,
Pərən-pərən düşənlərin vəhdətidir ana dili.
Bu dünyanın hansı uzaq bucağında səslənərsə,
O bucağı mənim üçün əzizlədən - ana dilim.
Qürbəti də Vətən edən ana dilim!
Əsrlərin sınağından alnıaçıq, üzüağ çıxmış, minilliklər boyu cilalana-cilalana bu günümüzə gəlib çatmış bu dil zəngin söz ehtiyatına, sabit qrammatik quruluşa malik bir dil kimi artıq dünya dilləri içərisində özünə yer alıb. Bu gün dilimiz bizim ən qiymətli sərvətimiz kimi dövlət qayğısı ilə əhatə olunub. Qloballaşan dünyada dilimizin yad ünsürlərdən, mənfi təsirlərdən qorunması və inkişafı istiqamətində Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı Sərəncamlar xalqımıza bəxş edilmiş əvəzsiz töhfələrdir. Ümummilli Liderin 2001-ci ilin iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman qədirbilən xalqımız tərəfindən Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən biri kimi dəyərləndirilir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Bu gün Ulu Öndərimizin siyasi xəttini ləyaqətlə davam etdirən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ana dilimizin inkişafı və bütün sahələrdə tətbiqi istiqamətində imzaladığı Sərəncamlar milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi qiymətlidir.
Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həmin il yanvarın 14-də imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkə başçısının ana dilimizin inkişafına göstərdiyi həssas münasibətin təzahürüdür. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncamı, eyni zamanda, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Dilimizin inkişafı tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam da var: Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən, 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin dövrdən etibarən hər il biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü böyük sevinclə, rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Eyni zamanda unutmamalıyıq ki, hər bir millətin varlığını şərtləndirən əsas amillərdən biri onun dilidir. Dilimizi sevmək, onu göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Məmin ana dilim mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim,
Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim.
Millətin varlığı, yurdun varlığı
Sənin varlığına bağlıdır, dilim.
Daşlardan süzüldün sən zaman-zaman,
Gözəldir suların daşdan keçməsi.
Yarandı dumduru damçılarından
Bayatı çeşməsi, dastan çeşməsi.
Mənim ana dilim möcüzəm, sehrim,
Çəpərlər dağıdar, qapılar qırar.
Bəzən bircə kəlmə ən dərin fikrin
Üstünə nur salıb cilalandırar.
Məni həm babamla, həm də nəvəmlə
Bağlayıb uzanan tarix bağımsan,
Dünənim, sabahım, üstəlik hələ
Mənim söz hünərim, səs bayrağımsan.
Sənsiz adım haram, vətənim haram,
Ana südü kimi halalım dilim,
Harda sən varsansa, orda mən varam,
Ey mənim ulduzum, hilalım dilim.
Bu gün Azərbaycan Dili və Azərbaycan Əlifbası Günüdür. Bu münasibətlə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli olan dilimizin və vətənimizin inkişafı naminə uğurlu fəaliyyət diləyirik.