Print 

1. Ümumi görünüşAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bölgədə mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Respublikamızın Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 1991-ci il tarixli 327 N-li qərarı ilə Bakı Dövlət Universitetinin Şəki filialı adı ilə fəaliyyətə başlamışdır. 14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə BDU-nun və Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2003-cü ildə isə “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya” və “Riyaziyyat və fizika” ixtisasları olmaqla əlavə 4 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2009-cu ildə “Riyaziyyat və informatika”, 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildə “Xarici dil (Fransız dili) müəllimliyi və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” və 2021-ci ildə yeni qəbul aparılmış "Sosial iş" ixtisasları hesabına say 9-a çatdırılmışdır.

Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

Ölkə başçısının 26 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları o cümlədən AMİ-nin Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir.

Filial 3,2 ha ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.

Filialda aşağıdakı struktur bölmələr mövcuddur:

1.Direktorluq;
2.Tədrisin idarə olunması şöbəsi;
3.Keyfiyyətin təminatı şöbəsi;
4.Karyera mərkəzi;
5.Tələbərin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsi;
6.Ümumi şöbə;
7.Mühasibatlıq;
8.Kitabxana;
9.İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi;
10.Xidmət şöbəsi;
11.Pedaqoji fakültə;
12.Filologiya fakültəsi;
13.Humanitar fənlər kafedrası;
14.Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası;
15.Ümumelmi fənlər kafedrası;
16.Dillər kafedrası və onların tədrisi texnologiyası kafedrası;

2001-ci ildən bu ali məktəbə riyaziyyat elmləri doktoru, dosent Rafiq Abduləli oğlu Rasulov rəhbərlik edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında bir ali təhsil müəssisəsi kimi ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4,5 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırılmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 88 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfəri professor), 13 nəfəri fəlsəfə doktoru, (o cümlədən 7 nəfəri dosent), 39 nəfər baş müəllim, 14 nəfər magistr, 15 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışdır. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ,Fransa və Portuqaliya respublikalarında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışdır.
ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 20121-ci ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 4 dərs vəsaiti, 2 monoqrafiya, 61 məqalə (o cümlədən 9 məqalə xaricdə), 52 konfrans tezisi (o cümlədən 7-si xaricdə), 1 fənn proqramı nəşr etdirilmişdir. Filialın professor-müəllim heyəti, əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər.

Filialın respublikanın bir sıra ali məktəbləri ilə yanaşı,ABŞ, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna,Qazaxıstan,Özbəkistanvə s. kimi ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri vardır.

Filialda 9 ixtisas üzrə bakalavriat pilləsində kadr hazırlığı həyata keçirilir. Həmin ixtisaslar üzrə 2021/2022-ci tədris ilində qəbul zamanı keçid balları aşağıdakı kimi olmuşdur.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 552,9 - 345,1
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 623,8 - 248,4
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası subbakalavr üzrə - 77,4676 - 69,4453
“Xarici dil (ingilis dili) müəllimliyi” ixtisası üzrə - 620,9 - 363,5
“Xarici dil (fransız dili) müəllimliyi” ixtisası üzrə - 314,0 - 235,7
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 524,7 - 215,3
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 484,7 - 314,5
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 470,2 - 290,0
“Məktəbəqədər təhsil” ixtisası üzrə - 391,4 - 266,0
“Sosial iş” ixtisası üzrə - 467,8 - 307,1

27 sentyabr – 10 noyabr 2020 – ci il tarixlərdə Vətən Müharibəsində 22 məzun və 2 tələbə iştirak etmiş, onlardan 4 nəfəri göstərdikləri şücaətə görə müxtəlif medallarla təltif olunmuşlar

Hazırda filialda 912 nəfər tələbədən 589 nəfər pedaqoji, 323 nəfəri isə filologiya üzrə təhsil alır. Onlardan 10 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2021-2022 -ci tədris ilində 9 ixtisas üzrə 242 nəfər tələbə qəbul olunmuşdur.

Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. Filialda 23 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.