ADPU Şəki filialı

Əlaqə vasitələri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəkidə doğulub boya-başa çatmış, görkəmli ziyalı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fikrət Əsgərovun “Gedər-gəlməz qatarı” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə müəllif, filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov tədbiri giriş sözü ilə açaraq, Fikrət Əsgərovun həyat və yaradıcılığı barədə əhatəli məlumat verib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslanu “Gedər-gəlməz qatarı” kitabında yer alan şeirlər, onlarda ifadə olunan fəlsəfi fikirlər barədə geniş məruzə ilə çıxış edib.
Daha sonra Humanitar fənlər kafedrasının əməkdaşları: baş müəllim Həbibulla Manaflı “Fikrət Əsgərovun ictimai motivli şeirləri”, baş müəllim Rasimə Bəkirova “Fikrət Əsgərovun poeziyasında sevgi notları”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Tamilə Xəlilova ““Gedər-gəlməz qatarı”nın fəlsəfəsi” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda müəllifə söz verilib. Kitabın müxtəlif mövzularda yazılmış şeirlərdən və “Gedər-gəlməz qatarı” adlı poemadan ibarət olduğunu qeyd edən müəllif öz təəssüratlarını bölüşüb, tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib və ona ünvanlanan sualları cavablandırıb.
Sonda xatirə şəkilləri çəkilib və müəllif öz imzası ilə kitablarını hədiyyə edib.
Qeyd edək ki, kitabın giriş sözünün müəllifi görkəmli türkoloq -alim mərhum Ramiz Əsgər, son sözünün müəllifi isə ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist, tərcüməçi Vaqif Aslandır.