Print

19–20 dekabr tarixlərində Şəki şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin Təşəbbüs və İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Heydər Əliyev irsi: hüquqi dəyərlər” layihəsi həyata keçirilib. Tədbirin məqsədi Ulu Öndər Heydər Əliyevin Konstitusiya sahəsindəki fəaliyyətini tanıtmaq, gənclərin hüquqi biliklərini artırmaq, Konstitusiyaya və hüquqi dəyərlərə marağı gücləndirmək olub. Layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təşkil edilib. İki gün davam edən tədbirdə 30 gənc iştirak edib. Tədbirin birinci günündə Karyera mərkəzinin müdiri Xuraman Həmidova qonaqları salamlayaraq tədbiri açıq elan edib və sözü layihə rəhbəri Səid Əliyevə verib. Səid Əliyevə çıxış edərək layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Daha sonra elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Heydər Əliyev irsi: hüquqi dəyərlər” mövzusunda məruzəsi dinlənilib. Ardınca Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Könül Bayramova Ümummilli Lider Heydər Əliyevin Konstitusiya sahəsindəki fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb. Layihənin ikinci günündə Konstitusiya mövzusunda təlim sessiyası keçirilib. Təlimçi Könül Bayramova ilə interaktiv müzakirələr aparılıb, gənclər fəal iştirak edərək fikir mübadiləsi aparıblar. Daha sonra iştirakçılar biliklərini “Konstitusiya biliciləri” adlı intellektual oyun vasitəsilə sınayıblar. Layihənin sonunda bütün iştirakçılara sertifikatlar, fərqlənən gənclərə isə təşəkkürnamələr təqdim olunub.