Dekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dünya azərbaycanlılarının milli həmrəyliyi” mövzusunda mühazirə təşkil olunub. Tədbiri filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açaraq, tədbirin məqsədi və mahiyyəti haqqında məlumat verib. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının mahiyyəti, milli kimliyin qorunması, xalqın vahid ideya ətrafında birləşdirilməsi və dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsində oynadığı tarixi rol haqqında geniş məlumat verilib. Mövzu ətrafında Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova və ADPU-nun Şəki filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva məruzə ilə çıxış edərək, Heydər Əliyevin milli həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini vurğulayıblar. Bildirilib ki, Ümummilli lider xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin gücləndirilməsinə, onların təşkilatlanmasına və milli maraqlar ətrafında birliyinin təmin olunmasına xüsusi önəm verib. Çıxışlarda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının formalaşması və azərbaycançılıq ideyasının beynəlxalq müstəvidə təbliğinin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğu qeyd olunub. Həmçinin vurğulanıb ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli həmrəyliyin daha da möhkəmlənməsinə diqqət edilir. Çıxışların sonunda mövzuya dair videoçarx nümayiş etdirilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.