Print

 Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında rəhbər heyətin və tələbə nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə filialın direktoru dosent Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, Karyera mərkəzinin müdiri, tütorlar iştirak ediblər.
Görüşü filialın direktoru dosent Vurğun Məmmədov açaraq, tədbirin təşkilinin əsas məqsədinin tələbələrin tədris prosesi ilə bağlı mövcud problemlərini öyrənmək, onların təklif və istəklərini dinləmək, həmçinin təhsilin keyfiyyətinin artırılması istiqamətində effektiv qərarların qəbuluna zəmin yaratmaq olduğunu vurğulayıb.
Tədbir çərçivəsində filialın müxtəlif ixtisasları üzrə təhsil alan qrupların nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı tələbələrin tədris prosesində qarşılaşdıqları çətinliklər diqqətlə dinlənilib, qaldırılan məsələlər ətraflı şəkildə təhlil edilib. Eyni zamanda iştirakçılara növbəti imtahan sessiyasının təşkili və keçirilmə mexanizmləri barədə ətraflı məlumat verilib.
Görüş interaktiv formatda davam edib, tələbələri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırılıb. Bununla yanaşı, tələbələrin filialın ictimai və sosial həyatında daha fəal iştirak etmələrinin vacibliyi vurğulanıb, bu istiqamətdə onların təşəbbüskarlığının artırılması tövsiyə olunub.
Qeyd olunub ki, bu kimi görüşlər ali təhsil müəssisəsində idarəetmə ilə tələbələr arasında açıq dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və tədris prosesinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.