Print

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Regional "ASAN xidmət" Mərkəzinin əməkdaşları ilə  görüş keçirilib. Görüşdə ADPU-nun Şəki filialının dekan müavinləri, baş müəllim Mehriban Kərimova, baş müəllim Pakzə Əliyeva, Şəki regional "ASAN xidmət" mərkəzinin əməkdaşları Aylin Manaflı, Sevinc Nəsibli və filialın tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan baş müəllim Pakzə Əliyeva könüllülük fəaliyətinin gənclərin şəxsi inkişafında, peşəkar bacarıqlarının formalaşmasında və gələcək karyera imkanlarının genişləndirilməsində  mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, könüllülüyün tələbələrə praktiki təcrübə qazanmaq, yeni bilik və bacarıqlar əldə etmək, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdə xüsusi rol oynadığını diqqətə çatdırıb. Görüşdə Aylin Manaflı təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, könüllülük proqramları və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Görüş zamanı ölkəmizdə könüllülük hərəkatının inkişafı, onun hüquqi-normativ bazası və ictimai əhəmiyyəti ətrafında müzakirələr aparılıb. İnteraktiv diskussiya şəraitində davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, könüllülük fəaliyyətinə qoşulmaq və bu sahədə təcrübə qazanmaq imkanları barədə fikir mübadiləsi aparılıb.