ADPU-nun Şəki filialında Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş XIV elmi konfransı keçirilib. Konfrans Microsoft Teams platforması vasitəsilə onlayn şəkildə təşkil olunub. Mayın 6-da konfransın plenar iclası keçirilib. Plenar iclası filialın direktoru r.ü.e.d., dos. Rafiq Rasulov açaraq, filial tələbələlərinin ənənəvi elmi konfransının əlamətdar bir günə - Ümummilli Lider, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmasının Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb. Dos.Rafiq Rasulov qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri ilə özünə əbədi heykəl ucaltmışdır. Heydər Əliyev dünya şöhrətli siyasi xadim, böyük mütəfəkkir, milli xilaskar kimi çağdaş tariximizin şərəfli səhifələrini öz dəsti-xətti ilə yazmış, hüquqi, demokratik və dünyəvi dövlət modeli yaratmışdır.
Plenar iclasda filialın elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev “Heydər Əliyevin müstəqillik və milli dövlətçilik konsepsiyası” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycan xalqının yaddaşına vətənpərvər, müdrik lider kimi əbədi həkk olunan Heydər Əliyev xalqımızın azadlıq ideallarının praktik olaraq gerçəkləşməsini təmin etmiş, yeni çoxşaxəli inkişaf strategiyasını yaratmış, qəhrəmanlıq dolu şərəfli həyat yaşamışdır. Müasir Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial və mənəvi həyatının bütün sahələrində Ulu Öndərin misilsiz tarixi xidmətləri vardır. Onun yaratdığı müstəqillik və milli dövlətçilik konsepsiyası azərbaycançılıq ideyasına əsaslanır.
Konfransın plenar iclasında filial tələbələrindən Hüseynli Əsmər “Nizami Gəncəvi lirikasının mövzu rəngarəngliyi”, Hülya Qədirbəyova və Xəyalə Ramazanova “Qarabağ ekosisteminin inciləri: Qarabağ atları və Xarıbülbül”, Tehran Məhərrəmov “Ermənistan siyasi hakimiyyətinin davranışı: beynəlxalq hüquqi analiz” və Ayxan Əzizov “Qarabağ müharibəsi dövründə erməni vandalizmi” kimi aktual mövzularda təqdimatlarla çıxış ediblər.
Tələbə elmi konfransı mayın 7-də “Humanitar və sosial elmlər”, “Təbiət və dəqiq elmlər”, “Filologiya elmləri”, “Pedaqogika və psixologiya elmləri”, “Xarici dillər” olmaqla, beş bölmədə öz işini davam etdirib.
Qeyd edək ki, konfransda və bölmə iclaslarında 63 tələbənin təqdim etdiyi tədqiqat işi dinlənilərək müzakirə edilib. Bölmə rəhbərlərinin təqdimatı əsasında ən yaxşı tələbə tədqiqatlarının I,II, III dərəcəli diplomlarla mükafatlandırılması nəzərdə tutulur.