Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Anadolu türkcəsinə çevrilərək nəşr edilib. Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu fəlsəfi əsəri ərsəyə gətirib. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışıb.
Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması, onların rus işğalı altına düşməsi təsvir edilir, xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapır. Bilgə xaqan, Mətə xaqan, Alp Ər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir. Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Aratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif “bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub, göyləri çiynində saxlayan türkün” dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür.
Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal, manyak və işğalçı qüvvələrin və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının – türklərin qələbəsi ilə başa çatır. Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən “Ruhlarla söhbət” poemasını ünlü şair Yusif Aslan Anadolu türkcəsinə çevirib. Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən “Ruhlarla söhbət” poeması yaxın zamanda Bişkekdə keçirilməsi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır. Kitab, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunub. Əsər özbək dilinə də tərcümə edilib. Kitabı özbək dilinə tanınmış şair-tərcüməçi Gülzira Şəripova tərcümə edib. Kitab özbək dilində də nəşr edilib. Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edərək pulsuz yaydığı 118-ci kitabdır.

"Ruhlarla söhbət"(türk dilində)  

"Ruhlarla söhbət"(özbək dilində) 

Videoya baxmaq üçün buraya klik edin