30 sentyabr 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univeritetinin - Şəki şəhərində universitet tipli ilk ali təhsil müəssisəsinin fəaliyyətə başlamasının 30 ili tamam olmuşdur. 30 il əvvəl – 30 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 327 N-li qərarı ilə respublikamızın Şimal-Qərb və Cənub bölgələrinin tarixi və mədəni mərkəzləri kimi tanınan Şəki və Lənkəran şəhərlərində Azərbaycanda ali təhsilin flaqmanı, Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı Bakı Dövlət Universitetinin filialları yaradılmışdır.
Bu yubilyar ali təhsil ocağı 1991-2000-ci illərdə BDU-nun, 2000-2015-ci illərdə AMİ-nin Şəki filialı adı ilə fəaliyyət göstərmiş, 2015-ci ildən ADPU-nun Şəki filialı adlandırılmağa başlanmışdır.
Ötən 30 ildə region ali məktəbi olan bu təhsil müəssisəsi uğurlu və dinamik inkişaf yolu keçmiş, bir çox nailiyyətlərə imza atmış, 4500 nəfərdən çox yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamışdır. Fəaliyyət göstərfiyi 3 onillik ərzində bu təhsil ocağında xeyli elmi-pedaqoji kadr potensialı formalaşmış, professor-müəllim heyəti tərəfindən onlarla monoqrafiya, dərslik və dərs vəsaitləri, metodik vəsaitlər, fənn proqramları hazırlanaraq nəşr etdirilmiş, yüzlərlə elmi və elmi-metodik məqalə, konfrans materialları çap etdirilmişdir.
ADPU-nun Şəki filialının təsis edilməsinin 30 illiyi münasibətilə tərtib edilmiş tədbirlər planına uyğun dövri mətbuatda bir sıra məqalələr yazılıb nəşr etdirilmiş, sosial mediada müxtəlif məqalələr yazılmışdır.
Filialın 30 illik yubileyi münasibəti ilə hazırlanmış və 24 noyabr 2021-ci il tarixdə çapdan çıxmış “ADPU-nun Şəki Filialı- 30 il. Dinamik İnkişaf Yolu” adlanan bu kitab oxuculara təqdim olunan növbəti töhfədir. Həcmi 344 səhifədən ibarət olan və yüksək poliqrafik keyfiyyətlə hazırlanmış bu kitabın müəllifləri filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevdir. “Ön söz”ün müəllifi Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi işlər və humanitar məsələlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadovadır.
Respublikanın tanınmış pedaqoq alimləri – pedaqogika elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, professor, Republikanın Əməkdar Müəllimi Akif Abbasov və filialın “Humanitar fənlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov kitaba müsbət rəy vermişlər. Kitabın Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovdur.
Nəfis şəkildə, rəngli illüstrasiyalarla “Elm və təhsil” nəşriyyatında çap edilmiş bu kitab girişdən, 3 fəsildən, 5 yarımfəsildən, Nəticə, Əlavələr və Ədəbiyyat siyahısından ibarətdir.