Dekabrın 15-də ADPU-nun Şəki filialının lll tədris ilinin tələbəsi Elcan Səlimlinin “123 dərsdə ərəb dili” kitabının təqdimatı keçirilib. Filialın kitabxanasında təşkil olunan tədbirdə struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, bu mərasimin filialın tarixində çox əlamətdar bir hadisə - filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisasının lll tədris ili tələbəsi Elcan Səlimlinin “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “123 dərsdə ərəb dili” kitabının təqdimatına həsr olunduğunu bildirib. Natiq bu munasibətlə muəllifi təbrik edərək, ona təhsildə və gələcək fəaliyyətində uğurlar arzu edib və kitab haqqında öz fikirlərini iştirakçılarla bölüşmək üçün sözü filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimova verib. Prof. Firədun İbrahimov Elcan Səlimlinin hazırladığı və ərəb dilini müstəqil öyrənənlər üçün nəzərdə tutulan vəsaitin çapdan çıxmış l hissəsinin tələbə zəhmətinin nəticəsi olmasına baxmayaraq, peşəkarlıqla hazırlandığını, mövzuların sistemli şəkildə sıralandığını və dili öryətmə işini yüksək səviyyədə yerinə yetirə biləcəyini vurğulayaraq, Elcan Səlimlinin güclü elmi potensiala malik olduğunu bildirib.
Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova, Dillər kafedrasının müdiri, baş müəllim Əsmayə Əkbərova, kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Hümbətova, baş müəllim Sevinc Əliyeva, baş müəllim Vüsalə Həsənova və başqaları çıxış edərək, kitab haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra söz Elcan Səlimliyə verilib. E.Səlimli haqqında söylənilən yüksək fikirlərə, zəhmətinə verilən qiymətə görə öz müəllimlərinə dərin təşəkkür edərək, bundan sonra da onların etimadıni doğruldacağını bildirib.
Sonda Elcan Səlimliyə qiymətli hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.