31 may 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının növbəti geniş Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 23 nəfər Elmi Şura üzvündən 21 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan sonra Elmi Şuranın müzakirəyə çıxaracağı iclas gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada filialın tədris işləri üzrə direktor müavini, dosent Gulara Abdullayeva “2020-2021-ci tədris ilində filialda tədrisin distant formada təşkili, yaz imtahan sessiyasına və buraxılışa hazırlıqla əlaqədar keçirilmiş monitorinqin nəticələri”, filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev “2020 - 2021-ci tədris ilində filialda yerinə yetirilmiş elmi - tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr”, filialın istehsalat təcrübəsinin rəhbəri Asudə Bədəlova “filialda 2020-2021-ci tədris ilinin II semestrində keçirilmiş pedaqoji təcrübənin yekunları”, filialın “Filologiya” və “Pedaqoji” fakültə dekanları – dosent Ulduz Mürşüdova və filol.ü.f.d.b/m. Xalidə Abdullayeva “kafedralar üzrə kurs işlərinin yerinə yetirilməsi vəziyyəti” və filialın Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva “filialda keçirilmiş XIV Tələbə Elmi Konfransının yekunları” haqqında Elmi Şura üzvlərinə və iclas iştirakçılarına məlumat vermişlər.
Gündəliyə çıxarılmış məsələlər Elmi Şura üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra yekdil qərar qəbul edilmişdir.