Print 

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.
Dekabrın 13-də Avropa İttifaqının, BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Elm və Təhsil Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, kampaniyaya cəlb olunmuş təhsil müəssisələrinin, Milli Məclisin deputatlarının, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə layihənin bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində təşkil olunan debat yarışlarında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət komanda birincilik qazanıb və bağlanış mərasiminə dəvət olunub.
Bağlanış mərasiminin rəsmi hissəsindən sonra layihənin gedişatını əks etdirən video-hesabat nümayiş etdirilib, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil edilib. ADPU-nun Şəki filialının tələbələri finalda da birincilik qazanaraq kuboka sahib olublar. Eyni zamanda “Ən yaxşı spiker” nominasiyası üzrə filialın Filologiya fakültəsinin II tədris ili tələbələri Əfsanə Əbdürəhimova 1-ci, Solmaz Bədəlova 2-ci yerə layiq görülüb, “Ən yaxşı natiq” nominasiyası üzrə həmin fakültənin I tədris ili tələbəsi Kəmalə Eminova I, Əfsanə Əbdürəhimova II, pedaqoji fakültənin III tədris ili tələbəsi Nigar Məmmədli III yerə sahib olublar. Qələbə qazanmış tələbələrə medal, diplom və hədiyyələr təqdim olunub. Tələbələrimizi bu uğurlar münasibətilə təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.