İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” tədbiri keçirilib. Karyera Mərkəzinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, filial rəhbərliyi, professor-müəllim heyəti, 2025-2026-ci tədris ilinin məzunları, onların valideynləri və digər tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, məzunları təbrik edib, çox məsuliyyətli və sərəfli bir peşə sahibi kimi onların üzərinə düşən vəzifələrdən bəhs edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, ADPU-nun Şəki filialının direktorunun müşaviri, dosent Rafiq Rəsulov, tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova və valideynlər çıxış edərək məzunlara təbriklərini çatdırıblar. Tədbir çərçivəsində təhsilini “əla” qiymətlərlə başa vuran və ictimai fəaliyyətlərdə fərqlənən məzunlara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Sonda tədbir musiqili proqramla davam etdirilib və iştirakçılar üçün yaddaqalan anlar yaşanıb.