Əziz xanımlar!
Əvvəlcə, mən Sizi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bütün xanım əməkdaşlarını, məzunlarımızı və tələbə qızları, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkbən təbrik edir, hər birinizə cansağlığı, işlərinizdə və təhsildə uğurlar arzulayıram.
Azərbaycan qadını tarixin bütün dönəmlərində cəmiyyətin mənəvi dayağı olmuş, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynamışdır.
Qürur hissi ilə qeyd edə bilərik ki, bu gün cəmiyyətdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada Azərbaycan qadını öz sözünü deməsin. Bu, indi də belədir, tarixin bütün dövrlərində də belə olub. Azərbaycan qadını həmişə güclü intellekti, qəhrəmanlığı, fədakarlığı, yüksək analıq keyfiyyəti ilə xalqımızın adını ucaldıb, ləyaqət, mərdlik, sədaqət, müdriklik simvolu kimi nümunə olub, dövlət idarəçiliyində öz sözünü deyib, tariximizdə şanlı səhifələr yazıb.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti və elminə qadınlarımızın bəxş etdiyi layiqli töhfələr həmişə qürurverici olub. Bu gün qadınlarımızın cəmiyyətdə nüfuzu durmadan artır. Hazırda cəmiyyətin elə bir sahəsi yoxdur ki, Azərbaycan qadını orada öz sözünü deməsin. Həkim, müəllim, mühəndis, siyasətçi, dövlət xadimi kimi müxtəlif sahələrdə uğurla çalışan qadınlarımız öz bilik və bacarıqlarını səylə nümayiş etdirirlər. Azərbaycan qadını özünün ən böyük missiyasını - vətənini göz bəbəyi kimi qoruyan qəhrəman övladlar yetişdirən ana vəzifəsini isə həmişə şərəf və ləyaqətlə yerinə yetirmişdir. Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycan qadını bir daha bütün dünyaya göstərdi ki, onun yetişdirdiyi qəhrəman oğullar üçün ən ali hiss Vətən sevgisi, ən ali dəyər Ana Vətəndir.
Onu da qeyd etmək yerinə düşər ki, məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizdə gender bərabərliyinin təmini ilə bağlı uğurlu işlər görülüb və bunlar qadının cəmiyyətimizdə avanqard rolunu daha da artırıb. Elə bunun nəticəsidir ki. bu gün ölkəmizin qazandığı uğurlarda qadınlarımızın öz payı var. Fərəhlə qeyd etmək istəyirəm ki, bu gün ölkəmizdə dövlət qadın siyasətini, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələri ölkəmizin Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Dövlət başçımız bu məsələyə diqqətlə yanaşaraq, qadınların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə, cəmiyyətdə rolunun daha da artmasına xüsusi qayğı göstərir. Buna görə də bu gün qadın əməyi hər sahədə yüksək səviyyədə hiss olunur.
Fəxrlə qeyd etmək yerinə düşər ki, Azərbaycan qadını hazırda dünyada böyük nüfuz sahibidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyada ləyaqətlə nümayiş etdirir, onun təltif olunduğu beynəlxalq mükafatlar bu böyük nüfuzun parlaq nümunəsidir.
Əziz xanımlar! Bu gün qadınlarmızın böyük bir ordusu təhsilimizin inkişafı yolunda şərəf və ləyaqətlə çalışır, dövlətimizin inkişafına xidmət edəcək gənc nəslin formalaşması və biliklərə yiyələnməsi, əsl vətəndaş kimi yetişməsində öz əməyini əsirgəmir. Sizin hər biriniz də bu şərəfli yolda inamla addımlayır, təhsilimizin inkişafı naminə durmadan çalışırsınız. Mən Sizə uğurlar, başladığınız bu yolda daim inamla irəliməyi arzulayır, bir daha bayram münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik diləyirəm.
Allah Sizləri qorusun!