Print 

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti seminarı keçirilib.
Seminarda TEC-in Təşkilat Şurasının üzvləri və fakültələr üzrə nümayəndələri, eləcə də kafedralar üzrə tələbə elmi tədqiqat işlərinə (TETİ) cavabdeh şəxslər, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Seminarı giriş sözü ilə açan ADPU-nun Şəki filialının TEC-nin sədri baş müəllim Səadət Feyzullayeva seminar iştirakçılarına tələbə elmi tədqiqat işlərinin yerinə yetirilməsi haqqında məlumat verib.
Tədbirdə filialın elmi işlər üzrə direktor müavini p.ü.f.d., dos. N.Z.Çələbiyev çıxış edərək tələbə elmi işlərin yazılmasına verilən tələblərlə seminar iştirakçılarını tanış edib. Filialın Humanitar fənlər kafedrasının müdiri, sos.ü.f.d. İbrahim Abdulsəlimli çıxışında tələbə elmi tədqiqat işlərində istifadə edilən metodlar, işin strukturuna verilən tələblər, araşdırmaların aparılması qaydaları ilə tələbələri tanış edib. Filialın Pedaqoji fakültə üzrə dekan müavini, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının tələbə elmi tədqiqat işlərinin dəyərləndirilməsi üzrə altqrupun üzvü baş müəllim Mehriban Kərimova elmi rəhbərləri tələbələrlə daha sıx əməkdaşlığa dəvət edərək, tədqiqata marağı olan tələbələrin motivasiya olunmasının vacibliyindən danışıb.
Tədbirdə TETİ-lərin təqdimatı ilə bağlı tələbələrin təklifləri dinlənilib.
Sonda Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid Fəaliyyət Planına həsr olunmuş müşavirədə səslənən fikirlər iştirakçıların diqqətinə çatdırılıb və TEC-in təşkilatçılığı ilə mart və aprel aylarında təşkil olunacaq elmi konfranslara hazırlığa dair məsələlər müzakirə edilib.