Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bir zəfərin min hekayəsi” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, şəhid anaları, müharibə qaziləri, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən, könüllülər komandiri, şəhid Toğrul Nağıyevin anası Əntiqə Nağıyeva və Vətən müharibəsi qazisi Qaçay Abdullayev çıxış edərək, Zəfərin tarixi və mənəvi əhəmiyyətindən, 44 günlük müharibədə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, əsgər və zabitlərimizin qəhrəmanlığından, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən bəhs ediblər. Çıxışlarda, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa, quruculuq və abadlıq işlərinin əhəmiyyəti vurğulanıb.
Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları Vətən müharibəsindəki qəhrəmanlıq və qələbə motivlərini əks etdirən səhnəciklər nümayiş olunub. Vətənpərvərlik ruhlu musiqilərin müşayiəti ilə təqdim edilən rəqslər, Azərbaycan və Vətən mövzusunda səsləndirilən şeir və mahnılar tədbirə xüsusi emosional ovqat bəxş edib.
Tədbirin sonunda filialın direktoru, dosent Vurğun Məmmədov çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna yerindən, bu tarixi qələbənin qazanılmasında şəhidlərimizin və qazilərimizin misilsiz xidmətlərindən, dövlət başçımızın yürütdüyü düzgün və uzaqgörən siyasətdən danışıb. O, şəhid ailələrinə və qazilərə ehtiramını ifadə edərək Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının, gənclərin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin vacibliyini vurğulayıb.
“Bir zəfərin min hekayəsi” adlı tədbir iştirakçılarda böyük qürur və minnətdarlıq hissi yaradıb, xalqımızın Zəfər salnaməsinə, şəhidlərimizin müqəddəs xatirəsinə və qazilərimizin qəhrəmanlığına ehtiramın ifadəsinə çevrilib.