Print 

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "ON1000" proqramı çərçivəsində tədbir həyata keçirilib. Tədbir 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə filialın direktoru r.e.d., dos.Rafiq Rasulov açaraq, qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dos.Rafiq Rasulov bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu tarix Azərbaycan millətinin birliyini nümayiş etdirən simvolik gündür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyətə malikdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Natiq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətəndən uzaqda olsalar belə, milli həmrəylik nümayiş etdirmələrindən və 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli birliyimizin rolundan danışıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Tədbirdə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva çıxış edərək iştirakçıları təbrik edib və arzularını bildirib. Dos.G.Abdullayeva qalib bir xalqın nümayəndəsi olaraq, bu bayramı qeyd etməkdən fəxr duyduğunu qeyd edərək bildirib ki, hər birimiz bundan sonra da dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı, Vətənimizin bütövlüyü yolunda durmadan çalışmalı, üzərimizə düşün işin öhdəsindən bacarıqla gəlməliyik.
Tədbirdə filialda tələbələr arasında keçirilən fənn olimpiadalarının qalibi olmuş tələbələrə I,II, III dərəcəli diplomlar təqdim edilib.
Tədbir bədii proqramla davam edib. Əvvəlcə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra tələbələrin ifasında şeirlər və mahnılar səsləndirilib. Tədbirdə tələbələrin hazırladıdığı fləş-mob və səhnəcik iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.