Noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki rayon Ağsaqqallar Şurasının (ŞRAŞ) təşkilatçılığı ilə “Gənclik milli-mənəvi dəyərlərimizin daşıyıcısı, dövlətimizin və gələcəyimizin təminatıdır!” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov qonaqları salamlayaraq, Ağsaqqallar Şurasının fəaliyyətinin əhəmiyyətindən, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında ağsaqqalların rolundan və tədbirin məqsədindən bəhs edib. Sonra ŞRAŞ-ın sədri Vaqif Əhmədov çıxış edərək şuranın fəaliyyəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi barədə fikirlərini bölüşüb. Şuranın sədr müavinləri Ruhangiz Abdullayeva və Elxan Abdullayev də çıxışlarında Vətənə sevgi və sədaqət hissinin gənclərə aşılanması, dövlətçilik ənənələrinə hörmət, milli kimliyin qorunması və gənc nəslin cəmiyyət qarşısında məsuliyyətinin artırılması məsələlərinə toxunublar. Natiqlər vurğulayıblar ki, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə ağsaqqalların zəngin həyat təcrübəsi və tövsiyələri gənclərin dünyagörüşünün formalaşmasında xüsusi rol oynayır. İclasda gənclərin maarifləndirilməsi, onların Vətənə bağlılıq hissinin gücləndirilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda bu sahədə universitetlə Ağsaqqallar Şurası arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.