Print 

Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 31 mart soyqırımının 105-ci ildönümünə həsr olunmuş “Mart soyqırımı yaxından və uzaqdan” adlı elmi konfrans keçirilib. Konfransda ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti, Şəki Şəhər İcra Hakimiyyəti yanında Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru r.e.d., dos. Rafiq Rasulov açaraq, Azərbaycan xalqının zaman-zaman başına gətirilən müsibətlər, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi mart soyqırımının tarixi kökləri haqqında məlumat verib. Sonra soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbirdə 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş olunduqdan sonra filialın Humanitar fənlər kafedrasının müdiri tar.ü.f.d., baş müəllim Vüsal Baxışovun “31 mart soyqırımı beynəlxalq miqyasda hüquqi qiymətini almalıdır”, həmin kafedranın əməkdaşları - baş müəllim Tahir Məhərrəmovun “31 mart soyqırımı XX əsrin əvvəllərində erməni vəhşiliyinin növbəti təzahürü kimi”, baş müəllim Həbibulla Manaflının “31 mart soyqırımı ilə bağlı az deyilən və ya deyilməyən mətləblər”, Pedaqoji fakültənin lll tədris ili tələbəsi Aysu Azakovanın “1918-ci ilin mart soyqırımı ümummilli faciə kimi” mövzusunda məruzələri dinlənilib.
Konfransda Səbahət Bağırova çıxış edərək, mart soyqırımı ilə bağlı Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib və konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Konfrans dos. Rafiq Rasulovun yekun nitqi ilə başa çatıb.