Print 

ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib. Elmi seminar Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunub.
Seminarı giriş sözü ilə kafedranın müdiri professor Firədun İbrahimov açaraq Lütfi Zadənin anadan olmasının 100 illik yubleyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə iştirakçılara məlumat verib və seminarın bu böyük alimin 100 illik yubileyinə həsr olunduğunu bildirib. Sonra natiq Lütfi Zadənin elmə verdiyi töhfələrlə bağlı məruzə edib və bildirib ki, Lütfi Zadə 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirib, amma bu nəzəriyyə nədənsə, həm Amerika, həm də dünya elmi ictimaiyyəti tərəfindən skeptikcəsinə qarşılanıb. Buna səbəb Lütfi Zadənin əsrlərdən bəri insanların beynində maddiləşmiş Aristotel məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtması olub.O sübut edib ki, insan dünyanı yalnız “ağ” və “qara” rənglərlə duyub qavramır. İnsanın dünyanı görüb dərketmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də o, bu hüdudsuzluğun riyaziyyatını yaraıb, onun rəngarəngliyini açıb. Beləliklə, Əl-Xarəzm cəbri ilə yanaşı, qeyri-səlis cəbr - Zadə cəbri meydana gəlib. Məruzədə Lütfi Zadənin elmə böyük töhfələr verdiyi vurğulanıb və qeyd olunub ki, bu töhfələr, ilk növbədə, onun novator ruhlu “Qeyri-səlis çoxluqlar”(1965), “Qeyri-səlis hadisələrin ehtimal meyarları”(1968), “Mürəkkəb sistemlərin və qərarlar qəbul edilməsi proseslərinin təhlilinə yeni yanaşmanın əsasları”(1973), “Qeyri-səlis çoxluqlar mümkünlük nəzəriyyəsinin əsası kimi”(1978), “Təqribi mühakimələr nəzəriyyəsi”(1979) və bir sıra digər məqalələrində əks olunub. Qeyri-səlis məntiqə və qeyri-səlis çoxluqlara həsr edilmiş bu fundamental məqalələr, bir tərəfdən, elmin bir sıra sahələrində proqramların inkişafına səbəb olub; riyaziyyatın, təbiət və mühəndislik elmlərinin inkişafına ciddi təsir göstərib; çoxsaylı elmi və mühəndis kəşflərinə, o cümlədən qeyri-səlis neyrosistemlərin modelləşdirilməsi kimi mühüm istiqamətin tədqiq edilməsinə, elektronika sahəsinə aid məsələlərin yeni həllərini tapmağa təkan verib. Digər tərəfdən, onun “Linqvistik dəyişən anlayışı və onun təqribi qərarlar qəbul edilməsinə tətbiqi”(1975-1976), “Ekspert sistemlərində qeyri-müəyyənliyin idarə edilməsində qeyri-səlis məntiqin rolu”(1983), “Qeyri-səlis sillogizmlər və onların adi mühakimələrə və dispozisiyalı mühakimələrə tətbiqi”(1985), “Sözlərlə bağlı hesablamalar”(1996-2001) kimi məşhur əsərlərində tətbiq etdiyi optimal ideya və modellər mürəkkəb humanist sistemlərə yeni yanaşmaları əks etdirir, “sağlam düşüncəli insanın mühakimələrinə oxşayan mühakimələr” terminlərindən istifadə etməklə həmin məsələlərin təhlili və həlli üçün yeni imkanlar yaradır.
Prof. Firədun İbrahimov məruzəsində qeyd edib ki, 1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunub. 1966-cı ildən etibarən isə dünyanın bir çox ölkələrində - İngiltərədə, Almaniyada, Yaponiyada və başqa yerlərdə Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərib. Umtaçi, Mitsubisi, Toşiba, Soni, Orison, Kanon, Riqo, Sanyu, Anesan, Honda, Nek, Şarp və s. firmalar Lütfi Zadə nəzəriyyəsinin kommersiyaya tətbiqi ilə məşğuldur. Bu nəzəriyyənin praktiki və iqtisadi əhəmiyyəti əvəzolunmazdır. Lütfi Zadənin ən mühüm tezisi ondan ibarətdir ki, humanist sistemlərdə mühakimələr və qərarlar qəbul edilməsi ölçülərdən daha çox (hərçənd, ölçülər mühüm komponentdir), linqvistik və ya perseptiv qiymətləndirmələrə əsaslanır.
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açdığını vurğulayan natiq bildirib ki, bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto-video cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistemlər və qurğular, xüsusi “ağıllı” ekspert sistemləri hazırlanır. Yaponiyada Panasonik və Kvassar adı altında maşınlar istehsal edən Mitçusita kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqindən sonra milyard dollardan çox mal istehsal edib sata bilib. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqivistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi gələcəkdə daha da genişlənəcəkdir. Natiq professor Lütfi Zadənin həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifi olduğunu vurğulayaraq bildirib ki, alimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi optimal süzgəclər nəzəriyyəsi də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orjinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir. Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biri də dinamik sistemlərdə çoxmeyarlı optimallaşdırma nəzəriyyəsidir. Alim özünün bu nəzəriyyəsi ilə sübut edib ki, bütün lazımi meyarların ən yaxşı qiymətlərinə cavab verə bilən ideal sistem yaratmaq mümkün deyil. Bir meyarın yaxşılaşdırılması yalnız digərlərinin pisləşməsi hesabına mümkündür. Bu da kompromis variant tələb edir. Bununla əlaqədar Lütfi Zadə çoxmeyarlı dinamik sistemlərin qurulma üsullarını təklif edib. Bu nəzəriyyə fonunda həmin sistemlər dinamik etibarlığı ilə, digər keyfiyyətləri olması ilə seçilir.
Prof.F.N.İbrahimov məruzəsinin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya şöhrətli Azərbaycan aliminin əbədi məkanının Bakıda - Fəxri xiyabanda olmasını təmin etməsini və onun yüz illik yubleyinin keçirilməsi barədə Sərəncamını xüsusilə vurğulayıb və dövlət rəhbərimizə sonsuz minnətdarlıq hissini ifadə edib.
Seminarda baş müəllimlər Gülnara Aburahmanova, Gülnarə Qarayeva, Səadət Feyzullayeva, müəllim Günel Əliyeva bu böyük alim haqqında xüsusi maraq doğuran çıxışlar ediblər.