- Details
- Dərc edilib: 26 Fevral 2025
- Oxunma sayı: 247
Fevral 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xocalı soyqırımının 33-cü anım gününə həsr olunmuş “Yaddaşlarda yaşayan, unudulmayan faciə” adlı elmi konfrans keçirilib.
Tədbirdən əvvəl iştirakçılar filialın kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş Xocalı soyqırımına aid foto və sənədli maleriallardan ibarət “Xocalı soyqırımı – 33” və təlbələrin faciəyə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransı giriş sözü ilə açan filialın direktoru dosent Vurğun Məmmədov 1992-ci ilin fevral ayının 26-da erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı törədilmiş, bəşəriyyət tarixində ən qanlı, qəddar və amansız faciədən söz açıb, bu soyqırım aktının ağır nəticələrindən bəhs edib, Vətən müharibəsindəki zəfərlə Xocalı soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub.
Konfransda Humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov “Erməni köçləri və Cənubi Qafqazda gərginlik ocaqlarının yaranması”, Təbiət fənləri və onların tədrisi texnologiyası kagedrasının baş müəllimi Günel Əliyeva “Xocalı: keçmişin yaraları, gələcəyin ümidləri”, “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” ixtisasının I tədris ili tələbəsi Səbinə Kərəmli “Tarixin yaddaşında daşlaşan Xocalı”, “Məktəbəqədər təhsil” ixtisasının II tədris ili tələbəsi Elvira Əlləzova “Xocalı faciəsi etnik təmişləmə və soyqırım aktıdır” mövzularında çıxış ediblər.
Konfransın sonunda “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbəsi Nuranə Əlizadənin ifasında xalq şairi Zəlimxan Yaqubun “Layla, Xocalım, layla”, “İbtidai sinif müəllimiyi” ixtisasının II tədris ili tələbəsi Fidan Yusifovanın ifasında “Xocalım, ay Xocalım” şeirləri səsləndirilib.