Print 

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətinin 7-ci ildönümü münasibətilə “Daxilimizdəki gizli dünya” adlı tədbir keçirilib. Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə birliyin illik fəaliyyətini əks etdirən videocarx nümayiş olunub. Sonra “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələri Günəş İbrahimova “Sosial rollar və gündəlik həyat: Goffmanın Dramaturji nəzəriyyəsi kontekstində”, Nuranə Muradlı “Psixoloji müdafiə mexanizmləri”, Günəş İbrahimova “Temperament” mövzularında çıxış ediblər. Tədbirdə təqim olunmuş mövzulara uyğun olaraq, tələbələrin səhnələşdirdikləri “Həyatda oynadığımız rollar”, “Görmək istədiyimiz dünya”, “Sürpriz imtahan” adlı psixodramalar maraqla qarşılanıb. ADPU-nun Şəki filialının direktoru dos. Vurğun Məmmədov, elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova çıxış edərək təşkilatçıları və birliyin üzvlərini təbrik ediblər. Sonda 2024-2025-ci tədris ili ərzində GPB-nin fəaliyyətində, eləcə də tədbirin təşkilində fəallıq göstərən tələbələr rəhbərlik tərəfindən sertifikat, Fəxri Fərmanla mükafatlandırılıb.