- Details
- Dərc edilib: 20 Fevral 2026
- Oxunma sayı: 40
Fevralın 19-da Şəki şəhərində - Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Qloballaşma dövründə ana dili: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir ana dilinin qorunması, inkişafı və qloballaşma şəraitində qarşıya çıxan problemlərin elmi müstəvidə müzakirəsi məqsədilə təşkil olunub. Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Heydər Əliyev Mərkəzinin məsul şəxsləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçiları əvvəlcə Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.
Sonra konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətən yolunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov çıxış edərək ana dilinin milli kimliyin və mənəvi dəyərlərin qorunmasındakı rolu, qloballaşma dövründə dil siyasətinin prioritet istiqamətlərindən bəhs ediblər. Daha sonra məruzələr dinlənilib. ADPU-nun Şəki filialının tədrisi işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva
“Azərbaycan dilinin dövlət dili kimi inkişaf mərhələləri”, filialın əməkdaşları - baş müəllim Nübar İbrahimova “Gənclərdə ana dilinə bağlılığın formalaşmasında ədəbi nümunələrin rolu”,
baş müəllim Türkan Məcidova “Qloballaşma şəraitində ana dilinin qorunması problemləri”, baş müəllim Rasimə Bəkirova “Sosial şəbəkələrdə dil norması və dil etikası” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə vurğulanıb ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət milli-mədəni inkişafın əsas sütunlarından biridir. Çıxış edənlər təhsil müəssisələrində ana dilinin tədrisinin keyfiyyətinin artırılmasının, gənclər arasında düzgün nitq mədəniyyətinin formalaşdırılmasının və rəqəmsal mühitdə dil normalarına riayət olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, qloballaşmanın yaratdığı yeni terminoloji axının dilə təsiri, dilin informasiya texnologiyaları mühitində qorunması və zənginləşdirilməsi məsələləri geniş müzakirə olunub.
Sonda “Heydər Əliyev və ana dili” adlı videoçarx nümayiş olunub. Videoçarxda Ulu öndərin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət, bu sahədə qəbul olunan mühüm qərarlar və dilimizin dövlət səviyyəsində nüfuzunun artırılması istiqamətində gördüyü işlər əks olunub.













