- Details
- Dərc edilib: 01 May 2026
- Oxunma sayı: 88
Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İngilis və fransız dilləri gecəsi” keçirilib. Tədbirin əsas məqsədi dillərarası ünsiyyəti gücləndirmək, mədəni müxtəlifliyi təşviq etmək və tələbələrin dil bacarıqlarını praktik mühitdə nümayiş etdirmələrinə şərait yaratmaq olub.
Tədbirin açılış mərasimində filialın direktoru, dosent Vurğun Məmmədov iştirakçıları salamlayaraq bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Daha sonra Humanitar fakültənin dekanı, dosent Ulduz Mürşüdova və Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri, baş müəllim Sevinc Əliyeva çıxış edərək xarici dillərin qlobal kommunikasiya vasitəsi kimi rolundan bəhs ediblər.
Gecə çərçivəsində Britaniya və Fransa mədəniyyətlərinin dil, ədəbiyyat və incəsənət sahələrinə aid zəngin nümunələr təqdim olunub. Proqram boyunca çıxışlar və təqdimatlar paralel tərcümə ilə müşayiət edilərək multikultural ünsiyyət mühiti formalaşdırılıb.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən rəqs kompozisiyaları, ingilis və fransız dillərində musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib. Təqdim olunan nümunələr hər iki xalqın zəngin mədəni irsini əks etdirməklə yanaşı, iştirakçıların dil bacarıqlarını da aydın şəkildə nümayiş etdirib.
İnteraktiv hissədə dil biliklərinin möhkəmləndirilməsinə yönəlmiş müxtəlif viktorinalar və oyunlar təşkil edilib. Xüsusilə, ingilis və fransız dilləri ilə Azərbaycan dili arasında formal oxşarlığa malik, lakin semantik baxımdan fərqlənən sözlər üzərində qurulan tapşırıqlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda vurğulanıb ki, bu kimi təşəbbüslərin mütəmadi təşkili həm tədris prosesinin zənginləşdirilməsinə, həm də tələbələrin kommunikativ bacarıqlarının inkişafına mühüm töhfə verir.













