- Details
- Dərc edilib: 25 İyun 2026
- Oxunma sayı: 8
İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8-ci Beynəlxalq “Bəxtiyar Vahabzadə - Türk dünyası, dil, tarix, mədəniyyət və ədəbiyyat” konfransının açılış mərasimi keçirilib.
Konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu (Türkiyə), Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD (Türkiyə), Mahmud Kaşqari adına Beynəlxalq Fond və Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirakçıları salamlayaraq tədbirin qədim mədəniyyət və ədəbiyyat mərkəzlərindən biri olan Şəkidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində, milli kimlik ideyasının formalaşmasında və Türk dünyası ilə mənəvi bağlılığın gücləndirilməsində müstəsna xidmətlərindən danışıb. Elxan Usubov qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Şəhər rəhbəri konfransın alimlər, tədqiqatçılar və ali təhsil müəssisələri arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminov, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov, Mingəçevir Dövlət Universitetinin beynəlxalq layihələr üzrə koordinatoru Xəyalə Əfəndiyeva və digər çıxışçılar Bəxtiyar Vahabzadənin zəngin ədəbi-bədii irsindən, ictimai-siyasi fəaliyyətindən, milli-mənəvi dəyərlərin və ana dilinin qorunması istiqamətində xidmətlərindən bəhs ediblər. Natiqlər şairin yaradıcılığının öyrənilməsi və təbliğinin vacibliyini vurğulayaraq onun poetik irsindən nümunələr səsləndiriblər. Açılış mərasimində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun baş direktoru professor Atık Akgünün onlayn təbriki də nümayiş olunub. Professor Atık Akgün çıxışında konfransın Türk dünyası elmi ictimaiyyəti üçün əhəmiyyətindən danışaraq, Bəxtiyar Vahabzadə irsinin ümumtürk düşüncəsində mühüm yer tutduğunu bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Açılış mərasiminin sonunda müğənnilərin və bədii qiraətçilərin ifasında Bəxtiyar Vahabzadənin şeirləri və sözlərinə bəstələnmiş mahnılar iştirakçılara təqdim olunub.
Konfrans çərçivəsində 10 bölmə üzrə iclaslarda müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən alim və tədqiqatçıların dilçilik, ədəbiyyatşünaslıq, tarix, mədəniyyət, təhsil və Türk dünyası araşdırmaları üzrə məruzələri dinlənilib. Bölmə iclaslarına 200-dən çox elmi məqalə təqdim olunub. Konfrans 26 iyun 2026-cı il tarixində öz işini onlayn formada bölmə iclasları ilə davam etdirəcək.
Qeyd edək ki, beynəlxalq konfransın əsas məqsədi böyük Azərbaycan şairi və mütəfəkkiri Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin öyrənilməsi, təbliği və Türk dünyasının ortaq dil, tarix, mədəniyyət və ədəbiyyat dəyərlərinin elmi müstəvidə müzakirəsinə töhfə vermək olub.













