- Details
- Dərc edilib: 05 Oktyabr 2026
- Oxunma sayı: 13
Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Filialın Karyera mərkəzinin dəstəyi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın və təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə filialın direktoru dosent Vurğun Məmmədov çıxış edərək, kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Direktor çıxışında təhsil sahəsində müəllimlərin əvəzsiz rolundan, onların fədakar əməyindən, eləcə də dövlət tərəfindən müəllim əməyinə göstərilən diqqət və qayğıdan bəhs edib. Daha sonra tədbir bədii proqramla davam edib. Tələbələrin təqdimatında müxtəlif çıxışlar, şeirlər və mahnılar səsləndirilib, videoçarxlar nümayiş olunub. Tədbir iştirakçılarına müəllimlik peşəsinin cəmiyyətdəki mühüm və əvəzsiz rolunu əks etdirən səhnəcik təqdim edilib. Tədbir tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayevanın yekun çıxışı ilə başa çatıb.













