- Details
- Dərc edilib: 02 Noyabr 2026
- Oxunma sayı: 52
Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi Xəyalə Osmanova və Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə tələbələrin işğaldan azad edilmiş ərazilərə maarifləndirici ekskursiyası təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı və turizm potensialı ilə yaxından tanış etmək olub. Xüsusilə, filialda Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələr üçün səfər nəzəri biliklərin praktiki müşahidələrlə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Ekskursiya çərçivəsində Ağdam, Xankəndi və Şuşa şəhərləri, Əsgəran qalası, Xocalı abidəsi və digər tarixi məkanlar ziyarət edilib. Səfər zamanı tələbələr 44 günlük Vətən müharibəsinin tarixi, döyüş əməliyyatları, qəhrəmanlıq salnaməsi və şəhidlərimizin şücaəti haqqında tur rəhbərinin ətraflı məlumatlarını dinləyiblər. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, döyüşlərin getdiyi və qəhrəmanlarımızın şəhidlik zirvəsinə ucaldığı məkanlar ziyarət olunub.
Səfər iştirakçılarının diqqətini işğaldan azad edilmiş ərazilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası xüsusilə cəlb edib. Yenidən qurulan şəhərlər, müasir infrastruktur layihələri, bərpa edilən tarixi və dini abidələr, minalardan təmizlənmiş ərazilərdə salınan üzüm bağları və yeni yaşayış məkanları tələbələrdə böyük maraq doğurub.
Xankəndi şəhərində Qarabağ Universiteti, Zəfər Parkı, Xankəndi Mədəniyyət evi və Xocalı Beynəlxalq Hava Limanı ilə tanışlıq, Şuşada aparılan genişmiqyaslı bərpa və tikinti işlərinin müşahidəsi səfərin yaddaqalan məqamlarından olub. Şuşanın füsunkar təbiəti və tarixi-mədəni irsi ilə seçilən Cıdır düzündə tələbələrin hazırladıqları bədii kompozisiya ərazini ziyarət edənlərin də marağına səbəb olub.
Ekskursiya tələbələr üçün tarixi məkanlarla tanışlıqla yanaşı, həm də Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, torpaqlarımızın azadlığı uğrunda verilən qurbanları və Böyük Qayıdışın real mənzərəsini yaxından dərk etmək baxımından əlamətdar olub. Səfər onların milli-mənəvi dəyərlərə bağlılığını, vətənpərvərlik ruhunu, gələcək peşə fəaliyyətlərinə marağını və məsuliyyət hissini daha da gücləndirib.













