- Details
- Dərc edilib: 07 Noyabr 2026
- Oxunma sayı: 4
Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının təminatı: reallıqlar və perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev uşaq hüquqlarının beynəlxalq səviyyədə tanınması və qorunmasının tarixi mərhələləri barədə məlumat verib. O, 1924-cü ildə Millətlər Liqası tərəfindən “Uşaq Hüquqları haqqında Bəyannamə”nin qəbul edildiyini, 1946-cı ildə BMT-nin Uşaq Fondunun (UNICEF) yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, 1959-cu il noyabrın 20-də BMT Baş Assambleyası tərəfindən “Uşaq Hüquqları haqqında Bəyannamə” qəbul edilib. Sonradan bu tarix Beynəlxalq Uşaq Hüquqları Günü kimi qeyd olunmağa başlanıb.
Çıxışda 1989-cu il noyabrın 20-də BMT tərəfindən “Uşaq Hüquqları haqqında Konvensiya”nın qəbul edilməsinin uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm hüquqi baza yaratdığı vurğulanıb. Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası 1992-ci ildə Konvensiyaya qoşulub və ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan, 1998-ci ilin may ayında Azərbaycan Respublikasında “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi, eləcə də Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması xüsusi əhəmiyyət daşıyır.
Daha sonra filialın Humanitar fənlər kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli “Azərbaycanda uşaq hüquqlarının hüquqi və institusional əsasları”, həmin kafedranın baş müəllimləri: hüquq üzrə fəlsəfə doktoru Natiq Salamov “Müasir dünyada uşaq hüquqları və onların təminatı”, Tahir Məhərrəmov “Müasir sivilizasiya və uşaq hüquqları”, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva “Minilliyin inkişaf konsepsiyasında uşaq ölümü konsepti” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda uşaq hüquqlarının qorunmasının müasir dövrdə aktuallığı, bu sahədə mövcud hüquqi mexanizmlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.













