Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məhkəmə-hüquq sistemində yenilik: Mediasiya xidməti” adlı hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə hüquqşünaslar - Mediasiya Şurasının üzvü, Şəki Şəhər 1 saylı Mediasiya Təşkilatının təsisçisi Dərya Yaşarlı, Mediasiya Şurasının üzvü, Şəki Şəhər 1 saylı Mediasiya Təşkilatının həmtəsisçisi Rafael Cabbarov və Şəki Şəhər Regional Vəkillər Bürosunun vəkili, Şəki Şəhər 1 saylı Mediasiya Təşkilatının mediatoru Elbrus Məmmədov, filialın müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev ölkəmizdə milli müstəqilliyin bərpasından sonra ictimai, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində geniş islahatların aparıldığını, dövlət idarəçiliyi sisteminin ayrı-ayrı sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində bir sıra dəyişikliklərin baş verdiyini, hüquqi və demokratik dövlət quruculuğu ilə əlaqədar bir çox məqsədyönlü tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edən hüquqşünaslar qeyd ediblər ki, respublikada məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar çərçivəsində ölkədə Vəkillik institutu təkmilləşdirilib, 2019-cu ildə isə “Mediasiya haqqında Qanun”qəbul edilib.
Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək, mübahisələri arzu etdikləri zamanlarda və formada həll edə bilərlər. Mediatorlar heç bir halda məcburedici qüvvəyə və ya yekun qərar vermək səlahiyyətlərinə malik olmasalar da, tərəflər arasında ortaq maraqların yaranması üçün vasitəlilik xidməti göstərirlər. Onlar inzibati, ailə-məişət, biznes və sahibkarlıq, habelə əmək və mülki məsələlərlə bağlı münaqişə və mübahisələrin həllində barışıq sazişinin əldə edilməsində müstəsna rola malikdirlər. Boşanma ilə bağlı məsələlərə məhkəmələr yalnız tərəflərin mediasiya prosesindən keçməsi şərti ilə baxacaqlar.
Tədbirin sonunda hüquqşünas-mediatorlar tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Müzakirələrdə fəallıq göstərən 10 nəfər tələbəyə hədiyyələr və diplomlar təqdim edilib.





001002003
fondeduadpubir

VKkj