- Details
- Dərc edilib: 29 Mart 2024
- Oxunma sayı: 3334
29 mart 2024-cü il tarixdə ADPU-nun Şəki filialında 1918-ci ilin 31 mart soyqrımının 106-cı ildönümünə həsr olunmuş “31 Mart Soyqrımı: Qisas Qiyamətə Qalmadı” adlı elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə 31 mart soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ilin bu qanlı hadisələri haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nurali Çələbiyev qeyd edib ki, 106 il bundan əvvəl, 31 mart - 3 aprel tarixlərdə sovet- bolşevik və erməni-daşnak silahlı dəstələri Azərbaycanın bir sıra ərazilərində - Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Səlyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan quberniyasında və digər bölgələrdə misli görünməmiş soyqrımlar törədib, 200 mindən çox soydaşımızı qətlə yetirib, kənd və şəhərlərimizi yandıraraq külə çevirib, tarixi abidələrimizi dağıtmışlar. Erməni daşnakları təkcə Zəngəzur qəzasında 115 Azərbaycanlı kəndini məhv ediblər. Sovetlər dönəmində bu dəhşətli faciə xalqdan gizlədilib, bu barədə danışmaq, yazmaq yasaq edilib.
Milli müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə 26 mart 1998-ci il tarixdə “31 mart Azərbaycanlıların Soyqrım Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalanıb.
Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov “Erməni vəhşilikləri tarixi mənbələrdə”, həmin kafedranın baş müəllimi Tahir Məhərrəmov “31 mart soyqrımı XX əsrin əvvəllərində erməni vəhşiliyinin təzahürü kimi” mövzularında çıxış ediblər.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşməndən layiqli qisas alıb, tarixi ədalətsizliyi aradan qaldırmağa nail olub.