- Details
- Dərc edilib: 07 Noyabr 2024
- Oxunma sayı: 1138
Noyabrın 7- də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib. Filialın Tələbə Həmkarlar İttifaqının (THİ) sədri baş müəllim Günel Əliyevanın rəhbərliyi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə direktor dos.Vurğun Məmmədov, professor-müəllim heyəti, qazilər və tələbələr iştirak ediblər. Azərbaycan Bayrağı təntənəli şəkildə səhnəyə gətirildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü və işğalda olan torpaqlarımızın azad edilməsi yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbirdə giriş sözü ilə filialın direktoru dos. Vurğun Məmmədov çıxış edərək, qaziləri və bütün iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. Natiq qələbənin əldə edilməsinə qədər Azərbaycanın keçdiyi yol haqqında məlumat verib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında, iqtisadiyyatının möhkəmlənməsində, hərbi gücünün formalaşaraq inkişaf etdirilməsində rolundan danışıb və Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü xarici və daxili siyasətinin qələbənin əldə olunmasında əsas amil olduğunu vurğulayıb. Dövlət başçısının uğurla həyata keçirdiyi siyasətin, müzəffər Azərbaycan ordusunun və öz dövləti ətrafında sıx birləşən xalqın gücü ilə 30 ildədünyanın güclü təşkilatları tərəfindən həll edilə bilməyən problemin 44 gün ərzində həll edilərək, müharibənin qələbə ilə başa çatmasından bəhs edən natiq bildirib ki, bu yolda canlarını qurban vermiş 3000-dən çox şəhidin xatirəsi xalqımız üçün son dərəcə əzizdir və bu müharibədə qəhrəman Azərbaycan oğullarının yazdıqları şanlı tarix heç vaxt unudulmamalıdır. Direktor dos.Vurğun Məmmədov qeyd edib ki, bu gün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı tədbirlər nəticəsində Qarabağ gündən-günə abadlaşır, gözəlləşir, ağıllı kəndlər, irimiqyaslı obyektlər inşa edilir, əhali öz dədə-baba torpaqlarına qayıdır.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi qazilərindən “Gənc Qazilər” İctimai Birliyinin sədri Ayxan Şükürlü və Qaçay Abdullayev çıxış edərək, öz xatirələrindən danışıb, bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Tədbirdə Ali baş Komandanın çıxışlarını, Vətən müharibəsindən müxtəlif məqamları əks etdirən videoçarxlar nümayiş olunub, səhnəciklər göstərilib, tələbələrin ifasında mahnılar, rəqslər və şeirlər tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva çıxış edərək Zəfər bayramının bayramlar içərisində son dərəcə əziz və dəyərli bir bayram olduğunu, bu bayramın qazanılmasında minlərlə Vətən oğlunun canından keçdiyini, neçə-neçə əsgərimizin sağlamlığını itirməsini xüsusi olaraq vurğulayıb. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə THİ-nin sədri baş müəllim Günel Əliyevaya, TGT-nin sədri Xədicə Abdurahmanlıya və iştirakçı tələbələrə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.