- Details
- Dərc edilib: 18 Sentyabr 2025
- Oxunma sayı: 72
2019-cu ildə məktəbi qızıl mədalla bitirən, ali məktəblərə qəbul imtahanında 660,6 bal toplayaraq paytaxtın nüfuzlu ali təhsil müəssisələrini yox, yaşadığı şəhərdə - Şəkidə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialının “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasını seçən Elcan Səlimlinin bu addımı böyük müzakirələrə səbəb olmuşdu. Elcan bakalavriatura səviyyəsində təhsilini “əla” qiymətlərlə bitirdi və 2023-cü ildə magistraturaya qəbul üçün keçirilən imtahanda iştirak edərək 96 bal topladı, magistratura tarixində bir ilkə imza atdı, ikinci xarici dildən (fransız dilindən) ən yüksək nəticəni göstərdi, həmçinin region birincisi oldu və Xəzər Universitetinə “Dilşünaslıq (tədris ingilis dilində)” ixtisasına qəbul oldu. Magistraturada təhsilini bu il yüksək fərqlənmə ilə başa vuran (ümumi orta müvəffəqiyyət göstəricisi 97) Elcan Səlimli fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil almaq üçün imtahanlarda iştirak etdi və uğurlu nəticələrlə Xəzər Universitetinin “German dilləri” ixtisası üzrə əyani doktoranturasına qəbul oldu. Təhsil illərində beynəlxalq səviyyəli konfranslarda iştirak edən Elcan ərəb dilinə dair bir dərs vəsaitinin və müxtəlif elmi məqalələrin müəllifidir. Qeyd edək ki, 2025-ci il Elcan Səlimli üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. O, İELTS imtahanında iştirak edərək 8,5 balla sertifikat əldə edib. Məzunumuzu ürəkdən təbrik edir, gələcək təhsil həyatında və elmi fəaliyyətində uğurlar arzulayırıq.