- Details
- Dərc edilib: 23 Oktyabr 2025
- Oxunma sayı: 157
Oktyabr 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” adlandırılması ilə bağlı “Tədbirlər Planı”na uyğun olaraq, “Konstitusiyamızda dil və təhsil konsepti” adlı elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi, milli-mənəvi dəyərlərə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq əsrlər boyu xalqımızın ən böyük arzusu olub. Ayrı-ayrı tarixi dövrlərdə çox böyük məhrumiyyətlərə, kənar müdaxilələrə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu, doğma dilini, azadlıq ideyalarını qoruyub saxlayıb və XX əsrin əvvəllərində dövlət müstəqilliyini elan edib. 1991-ci il oktyabrın 18-də sovet bolşevik rejimindən xilas olmaq üçün başlanan milli azadlıq hərəkətaının gedişində 70 illik sovet dönəmindən sonra dövlət müstəqilliyi bərpa edilib.
Bu gün Azərbaycan konstitusiya quruluşuna malik olan, öz tarixi torpaqlarının sahibi, suveren, hüquqi və demokratik dövlət quruculuğu yolu ilə inkişaf edən unitar bir dövlətdir.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsindəki tarixi zəfər, 2023-cü il sentyabrın 19-20 tarixlərində keçirilmiş lokal xarakterli uğurlu antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa edib.
Konfransda filialın Dillər və onların tədrisi texnologiyası kafedrasının əməkdaşları - baş müəllim, Azərbaycan Dillər Universitetinin doktorantı Vüsalə Həsənovanın təqdimatında “Konstitusiya və təhsil siyasəti: suveren dövlətin inkişafında təhsilin rolu”, baş müəllim, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı Türkan Məcidovanın təqdimatında “Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin hüquqi statusu və onun suverenlik prinsipləri ilə əlaqəsi” və baş müəllim, Bakı Avrasiya Universitetinin dissertantı Kəmalə Lətifovanın təqdimatında “Multikulturalizm və dil müxtəlifliyi: Azərbaycan Konstitusiyasının prinsipləri əsasında təhlil” mövzularında çıxışlar dinlənilib.
Konfrans elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin yekun sözü ilə başa çatıb.













